Nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmət orqanları həlledici rol oynayırlar

Ötən gün Xankəndi şəhərində Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclasının keçirilməsi region üçün sadəcə növbəti rəsmi toplantı deyildi. Bu tədbir həm siyasi, həm təhlükəsizlik, həm də geostrateji mənada mühüm mesajlar ehtiva edirdi. "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu" mövzusuna həsr olunan plenar iclas dəyişən qlobal nizamda nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artdığı, rəqabətin isə daha gərgin xarakter aldığı bir vaxtda baş tutdu.

Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Azərbaycanın ev sahibliyi etdiyi bu toplantıda xüsusi xidmət və kəşfiyyat orqanlarının rəhbərlərinin iştirakı beynəlxalq nəqliyyat marşrutlarının qorunmasının artıq sırf iqtisadi məsələ deyil, milli təhlükəsizlik prioriteti olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, general-polkovnik Orxan Sultanov, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın xüsusi xidmət rəhbərləri və Macarıstandan gəlmiş yüksək səviyyəli nümayəndə bu mövzunun əhatə dairəsinin təkcə türk dünyası ilə məhdudlaşmadığını göstərir.

XXI əsrdə böyük dövlətlərin rəqabəti təkcə hərbi güc üzərində qurulmur. Nəqliyyat dəhlizləri - limanlar, dəmir yolları, avtomobil magistralları, hava bağlantıları və kommunikasiya xətləri - artıq geosiyasi təsir alətlərinin ön sırasına keçib. Çünki bu dəhlizlər enerji resurslarının, ticarət yüklərinin, strateji məhsulların və informasiya axınının təhlükəsiz daşınmasını təmin edir.

Beynəlxalq nəqliyyat xətlərinə yönəlmiş təhdidlər də diversifikasiyaya uğrayıb: beynəlxalq terror şəbəkələri kritik infrastrukturun sıradan çıxarılmasını prioritet hədəf kimi görür, transmilli mütəşəkkil cinayətkar qruplar marşrutlardan narkotik, silah və qaçaqmal daşınması üçün istifadə etməyə çalışır, kibertəhdidlər nəqliyyat sistemlərinin elektron idarəetməsini hədəfləyir, hibrid hücumlar logistika zəncirinin müxtəlif həlqələrini iflic etməyi məqsəd qoyur. Bu səbəbdən müasir dünyada nəqliyyat dəhlizlərinin təhlükəsizliyi yalnız sərhəd xidmətlərinin məsuliyyəti deyil. Bu, xüsusi xidmət orqanlarının strateji fəaliyyət sahəsinə çevrilib", - o bildirib.

Onun sözlərinə görə, müstəqilliyimizin ilk illərində biz düşmən dövlətlər və separatçı qruplar tərəfindən Azərbaycan dövlətinə qarşı nəqliyyat infrastrukturlarına yönəlmiş bir sıra terror aktlarının həyata keçrildiyini xatırlamaq olar.

"Bakı Dəmir Yol Vağzalında Kislovodsk-Bakı sərnişin qatarında törədilən partlayış, 19 mart 1994-cü il tarixində Bakı metropoliteninin "20 Yanvar" stansiyasında baş vermiş terror aktı, habelə Xankəndi yaxınlığında erməni terrorçuları tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarənin vurulması, 3 iyul 1994-cü il tarixində Bakı metropoliteninin 28 May-Gənclik stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış. Bütün bunların məqsədi ictimaiyyət arasında qorxu və rəhbərliyə inamsızlıq yaratmaq idi. Bütün bu hadisələrə baxmayaraq, Azərbaycan Respublikasının xüsusi xidmət orqanları terror aktlarının sifarişçilərini və icraçılarını müəyyən edərək məsuliyyətə cəlb etmiş, ölkənin təhlükəsizliyini qorumaq və nəqliyyat xətlərini müdafiə etmək istiqamətində əhəmiyyətli uğurlara imza atmışdır. Ölkəmizə qarşı yönəlmiş terror aktları və sabitliyə qarşı təhdidlər müstəqilliyin ilk illərindən başlayaraq planlı şəkildə həyata keçirilib. Bugünkü dövrdə isə təhdidlər daha inkişaf etmiş, kompleks və çoxşaxəlidir - hibrid, kiber və transmilli xarakter daşıyır. Bu səbəbdən xüsusi xidmət orqanlarının məsuliyyəti yalnız nəqliyyat xətlərini qorumaqla məhdudlaşmır, həm də milli təhlükəsizliyin strateji tərkib hissəsini təşkil edir. Tarixi təcrübə göstərir ki, güclü və koordinasiya olunmuş xüsusi xidmət fəaliyyəti olmadan nəqliyyat infrastrukturunun təhlükəsizliyini təmin etmək mümkün deyil", - o bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan coğrafi mövqeyi etibarilə tarixi İpək Yolunun mərkəzi qovşaqlarından biridir.

"XXI əsrdə isə bu əlverişli coğrafiya yenidən qlobal logistikanın əsas dayaqlarından birinə çevrilir. Bu gün Azərbaycan bir neçə böyük beynəlxalq nəqliyyat marşrutunun ayrılmaz hissəsidir. Bunlar Şimal-Cənub dəhlizi, Şərq-Qərb və ya Orta Dəhliz, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Transxəzər nəqliyyat şəbəkəsidir. Bu marşrutlar vasitəsilə Azərbaycan Avropa ilə Asiya arasında iqtisadi körpü rolunu daha da gücləndirir. Lakin ölkənin tranzit potensialı nə qədər böyükdürsə, ona qarşı yönəlmiş risklər də bir o qədər çoxdur. Bu səbəbdən Azərbaycan xüsusi xidmət orqanları nəqliyyat xətlərinin təhlükəsizliyini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi formalaşdırıb. Xankəndidə keçirilən plenar iclasda general-polkovnik Əli Nağıyev məhz bu məsələyə toxunaraq bildirdi ki, Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır.

Son illərdə beynəlxalq ticarət və logistika xəritəsində ən çox müzakirə olunan layihələrdən biri Orta Dəhlizdir (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu). Bu marşrut Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə xətti üzrə Avropaya çıxış yaradır. Ənənəvi Şimal və Cənub dəhlizləri ilə müqayisədə daha qısa, daha təhlükəsiz və daha dayanıqlı alternativ hesab olunur. Orta Dəhlizin qlobal əhəmiyyəti bir neçə amillə xarakterizə olunur. Məsələn, bu dəhliz Avropa və Asiyanın ticarətində yeni nəfəsdir, Çinin "Bir Kəmər - Bir Yol" təşəbbüsündə strateji mövqeyə malikdir, Geosiyasi sabitlik baxımından Azərbaycana mühüm üstünlük qazandırır, münaqişə risklərinin daha aşağı olduğu istiqamət kimi Avropaya, Çinə və Mərkəzi Asiyaya alternativ kimi təqdim edilir", - o bildirib.

A.Qarayev qedy edib ki, Azərbaycan Orta Dəhlizin ən kritik qovşağıdır: yüklərin böyük hissəsi Bakı limanı və BTQ dəmir yolu xətti ilə məhz Azərbaycan üzərindən daşınır. Bu, ölkəyə həm iqtisadi gəlir, həm də geosiyasi təsir imkanları qazandırır. Lakin bu rol həm də yeni risklərin yaranması deməkdir. Xüsusilə logistika zəncirini hədəf alan təhdidlərə qarşı xüsusi xidmət orqanlarının hazırlığı və əməkdaşlığı həyati əhəmiyyət daşıyır.

"Plenar iclasda Əli Nağıyev xüsusi olaraq Zəngəzur dəhlizi barədə danışdı. Orta Dəhlizin mühüm tərkib hissəsi olan bu yol Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək. Bu dəhliz həm Azərbaycan üçün, həm də bütün region üçün "oyun dəyişdirən" layihə hesab olunur. Lakin tədbirdə vurğulandığı kimi, bir sıra destruktiv mərkəzlər bu dəhlizin reallaşmasına mane olmağa çalışır. Deyə bilərik ki, maneələr müxtəlif formada özünü göstərir. Buraya siyasi təzyiqlər və informasiya manipulyasiyaları da daxildir. Bu təhlükələr Zəngəzur dəhlizinin açılmasını yalnız iqtisadi məsələ yox, milli təhlükəsizlik məsələsinə çevirir. Bu səbəbdən Xankəndidə keçirilən iclasda xüsusi xidmət orqanları arasında koordinasiyanın gücləndirilməsi, məlumat mübadiləsinin intensivləşdirilməsi və hibrid təhdidlərə qarşı birgə mexanizmlərin təşkili xüsusi vurğulandı.

Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyini təmin edən mexanizmlərin böyük hissəsi ictimaiyyət üçün görünmür. Bu sistemin əsas dayağı isə xüsusi xidmət orqanlarıdır. Onların fəaliyyət istiqamətləri çoxşaxəlidir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti, potensial təhdidlərin əvvəlcədən aşkar edilməsi, xarici qrupların sabotaj planlarının zərərsizləşdirilməsi, kritik infrastruktura yönələn hücumların qarşısının alınması, terror və transmilli cinayətkarlığa qarşı mübarizə, narkotik və silah qaçaqmalçılığının qarşısının alınması, müasir nəqliyyat sistemləri rəqəmsallaşdıqca kibertəhlükələr də artdığı üçün logistika sistemlərinin idarəetmə platformalarının qorunması, liman və dəmir yolu infrastrukturunun kibermüdafiəsi, məlumat bazalarına hücumların qarşısının alınması və sair. Təhlükənin coğrafiyası genişdirsə, onun qarşısı yalnız birgə səylə alına bilər. Türk dövlətləri arasında məlumat mübadiləsi, operativ əlaqə və birgə əməliyyat imkanlarının genişləndirilməsi plenar də bunun üçün mühüm addımdır", - o bildirib.

Politoloq vurğulayıb ki, hazırda qlobal siyasətdə yeni dönəm başlayıb. Dünya iqtisadiyyatı daha çox Asiya mərkəzli olmaqda, logistika isə qlobal güc balansının əsas elementinə çevrilməkdədir.

"Bu şəraitdə Orta Dəhliz daha da genişlənməli, Zəngəzur dəhlizi açıldıqdan sonra türk dünyası logistika baxımından vahid məkan halına gəlməlidir. Bu xüsusda, Azərbaycan qitələrarası tranzitin açar qovşaqlarından biri olaraq rolunu daha da möhkəmləndirəcək. Xankəndi toplantısı da bu mənada çox önəmli bir hadisədir. Regiondakı bütün dövlətlər üçün təhdidlərin xarakteri dəyişsə də, bir məsələ dəyişməz qalır: xüsusi xidmət orqanlarının rolu nəqliyyat xətlərinin təhlükəsizliyində həlledicidir.

Ümumilikdə, Xankəndidə keçirilən plenar iclas göstərdi ki, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi təkcə iqtisadiyyatın deyil, həm də dövlətlərin suverenliyinin, regional sabitliyin və beynəlxalq əməkdaşlığın ayrılmaz hissəsidir. Bu sahədə təhlükəsizlik orqanlarının üzərinə düşən məsuliyyət hər zamankından daha böyükdür. Azərbaycan isə bu prosesin mərkəzində dayanaraq həm öz milli maraqlarını qoruyur, həm də türk dünyasının strateji inteqrasiyasına töhfə verir. Orta Dəhliz, Zəngəzur dəhlizi və digər nəqliyyat marşrutlarının təhlükəsiz fəaliyyətinin təmin olunması regionun gələcək inkişafının əsas şərtidir və bu istiqamətdə aparılan koordinasiya olunmuş xüsusi xidmət orqanlarının əməkdaşlığı qlobal təhlükələrə qarşı ən effektiv cavab mexanizmidir", - A.Qarayev əlavə edib.