TDT-nin Media Forumu çərçivəsində üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanlarına həsr olunan panel sessiya keçirilib

Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzusunda ikinci panel sessiya keçirilib.

Day.Az xəbər verir ki, panel sessiya CBC telekanalının baş redaktoru, Xəbərlər, xüsusi layihələr və SMM şöbəsinin rəhbəri Elmira Musazadənin moderatorluğu ilə keçirilib.

Panel sessiyada Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova, "Qazaxıstan" Respublika Teleradio Korporasiyası Səhmdər Cəmiyyətinin "Balapan" telekanalının direktoru Makpal Ukenova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin departament rəhbəri Tohir Umarov və Şimali Kipr Türk Respublikasının xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı spiker qismində çıxış ediblər.

Spikerlər rəqəmsal media mühitində əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, birgə kontent istehsalının təşviqi, informasiya mübadiləsinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Paneldə vurğulanıb ki, rəqəmsal informasiya mühitində sürətlə baş verən dəyişikliklər TDT ölkələri arasında daha çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platformalarının qurulmasını zəruri edir.

Qeyd edilib ki, ortaq rəqəmsal layihələrin icrası, informasiya axınının operativ idarə edilməsi və media qurumları arasında əlaqələrin möhkəmləndirilməsi üzv dövlətlərin kommunikasiya imkanlarını genişləndirə, regionda vahid və dinamik media məkanının formalaşmasına şərait yarada bilər.

Forum çərçivəsində həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media əlaqələri üzrə meneceri Eldar Rəsulov "Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media imkanları" mövzusunda təqdimatla çıxış edərək 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun dayanıqlı şəhər inkişafı, modern urbanistika və "ağıllı şəhər" konsepsiyalarının müzakirə ediləcəyi ən böyük qlobal platformalardan biri olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, WUF13 çərçivəsində media üçün geniş imkanlar yaradılacaq, jurnalistlər üçün yüksək sürətli internet, tam təchiz olunmuş iş masaları, press-konfrans və müsahibə otaqları ilə təmin olunmuş Media Mərkəzi fəaliyyət göstərəcək.

Xəbər yenilənəcək