"mygov" platformasının 2 milyonuncu istifadəçisi təltif edilib - FOTO
Bu gün "mygov" platformasının 2 milyon istifadəçiyə çatması ilə bağlı geniş təqdimat tədbiri baş tutub.
Tədbir çərçivəsində platformanın inkişaf dinamikası, rəqəmsal xidmətlərin genişləndirilməsi və növbəti mərhələdə nəzərdə tutulan yeniliklər təqdim olunub.
Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov açılış nitqi ilə çıxış edib: "mygov" platforması qısa müddət ərzində 2 milyon vətəndaşın seçiminə çevrilərək, rəqəmsal xidmətlərə olan yüksək etimadı və güclü tələbi nümayiş etdirib. Bu göstərici dövlət xidmətlərinə əlçatanlığın və şəffaflığın artırılması istiqamətində atılan addımların real nəticəsidir. Qarşıdakı mərhələdə də vətəndaşların gözləntilərinə uyğun olaraq innovativ, rahat və effektiv həllər təqdim etməyə davam edəcəyik".
İRİA-nın Rəqəmsal məhsulların inkişafı departamentinin müdiri Emil Rüstəmov "mygov" platformasının əldə etdiyi nəticələr və inkişaf perspektivləri ilə bağlı ətraflı təqdimat nümayiş etdirib.
Tədbir çərçivəsində platformanın 2 milyonuncu istifadəçisi Bəsti Ağamalızadə xüsusi təltif olunaraq təbrik edilib. Rəqəmsal xidmətlərdən səmərəli faydalanmaq, gündəlik işləri rahatlaşdırmaq, vaxt və resurslarına qənaət etmək məqsədilə platformadan fəal istifadəyə çağırılıb.
2025-ci ilin noyabr ayına olan göstəricilərə əsasən "mygov"da istifadəçilərin sayı 2 milyon nəfəri ötüb. Cari ildə platformadan 1 milyondan çox vətəndaş qeydiyyatdan keçib. Bu isə ötən ilin sonu ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Platformadan mütəmadi istifadə edən, davamlı şəkildə sistemə daxil olan və rəqəmsal xidmətlərdən yararlanan aktiv istifadəçilərin sayı 800 min nəfərdir. Hazırda platformada ümumilikdə 400-dən çox rəqəmsal xidmət mövcuddur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре