Türk İnvestisiya Fondu kapitalını artırmağı planlaşdırır
Türk İnvestisiya Fondu qarşıdakı beş il ərzində kapitalını artırmağı planlaşdırır.
Day.Az xəbər verir ki, bunu Türk İnvestisiya Fondunun baş direktoru Ramil Babayev Trend-ə verdiyi özəl müsahibədə bildirib.
O qeyd edib ki, hazırda fondun nizamnamə kapitalı 600 milyon ABŞ dolları təşkil edir.
"Qarşıdakı beş il ərzində dayanıqlı layihə portfeli formalaşdırıldıqdan sonra kapitalımızı pay iştirakının artırılması və beynəlxalq maliyyə bazarlarına çıxış hesabına genişləndirməyi planlaşdırırıq. Resurslarımızın möhkəmlənməsi bizə daha iri strateji layihələrin birgə maliyyələşdirilməsinə və investorların cəlb edilməsi üçün yeni imkanların yaradılmasına şərait yaradacaq. Kapitalımızın gözlənilən artımı ilə kreditləşmə və investisiya imkanlarımız əhəmiyyətli dərəcədə genişlənəcək", - deyə o bildirib.
R. Babayev əlavə edib ki, qarşıdakı on il ərzində fond türkdilli regionda transsərhəd ticarətin artacağını, investisiya həcmlərinin genişlənəcəyini və əlaqəliliyin yaxşılaşacağını gözləyir. O, həmçinin vurğulayıb ki, fond bu proseslərdə beynəlxalq tərəfdaşları səfərbər etməklə, daha iri layihələri maliyyələşdirməklə və üzv dövlətlərin qlobal rəqabət qabiliyyətinin gücləndirilməsinə dəstək verməklə fəal iştirak edəcək.
Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması barədə qərar 11 noyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) 9-cu sammitində qəbul edilib. Fondun üzvləri Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Fondun məqsədi regional ticarətin genişləndirilməsi və iqtisadi fəaliyyətin dəstəklənməsi yolu ilə TDT-yə üzv dövlətlərin iqtisadi inkişafına töhfə verməkdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре