VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayıb

Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilərlər.

Day.Az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün Bakıda keçirilən "Yüksəliş" müsabiqəsinin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Yüksəliş" müsabiqəsi qeydiyyat, ümumi biliklər imtahanı, analitik təhlil, idarəetmə bacarıqları, yarımfinal və final olmaqla, 6 mərhələdən ibarətdir:

 

""Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb".

Qeyd edək ki, VI mövsüm çərçivəsində qeydiyyat 16 aprel 2026-cı ilədək davam edəcək. Qeydiyyat "Yüksəliş" müsabiqəsinin rəsmi internet səhifəsi olan "yukselish.az" vasitəsilə həyata keçirilir.