Balansdan çıxan məbləğlərin səbəbi açıqlandı

Artıq bir müddətdir ki, bəzi abonentlər elektrik xərclərinə ödəniş etdikdən sonra balanslarından müəyyən məbləğlərin tutulduğunu iddia edirlər. Bu məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunur. Vətəndaşlar baş verənlərin səbəbini tam anlamadıqlarını və bir sıra sualların açıq qaldığını bildirirlər.

Day.Az xəbər verir ki, şikayətçilərin sözlərinə görə, onlar sayğaca müəyyən məbləğ yüklədikdən sonra balansdan 1-3 manat arası vəsait çıxılır. Bəzi vətəndaşlar qeyd edir ki, əvvəllər belə hallar müşahidə olunmurdu, lakin son aylardan etibarən hər ay mütəmadi şəkildə müəyyən məbləğ tutulur. Hətta 5 manat yüklədikdə 2 manatın dərhal çıxıldığını bildirənlər də var.

Bəzi abonentlər sayğacların heç bir əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirildiyini də bildirirlər.

Məsələ ilə bağlı "Azərşıq" Açıq Səhmdar Cəmiyyətindən İTV-yə bildirilib ki, yaranan vəziyyət sabit tarifin tətbiqi və əvvəlki borcların ödənilməsi mexanizmi ilə bağlıdır.

Qeyd olunub ki, istehlakçılara qalıq borclarını hissə-hissə ödəmək imkanı yaradılır. Tarif Şurasının qərarına əsasən, 2026-cı ilin yanvar ayından etibarən sabit tarif tətbiq olunur. Proqram təminatındakı yeniliklər səbəbindən yanvar və fevral aylarının ödənişləri üst-üstə düşüb.

Elcan Turan
Day.Az