ABŞ-də təhlükəli istilik dalğası: temperatur normadan 17 dərəcə yüksəkdir

Sakit okean sahillərindən Rokki dağlarına qədər milyonlarla amerikalı bu həftə mövsümdənkənar isti hava ilə üzləşib. Temperaturun ilin orta göstəricisindən təxminən 17 dərəcə yüksək olması vəziyyəti bəzi bölgələrdə təhlükəli həddə çatdırıb.

Day.Az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, əsasən qazıntı yanacaqlarının yandırılması nəticəsində yaranan iqlim böhranı son on ildə bu cür istilik dalğalarının baş vermə ehtimalını dörd dəfə artırıb.

Beynəlxalq iqlim tədqiqatçıları konsorsiumu olan World Weather Attribution təşkilatının araşdırmasına görə, qlobal istiləşmə olmasaydı, hazırkı istilik dalğası daha mülayim keçər və temperatur təxminən 0,8°C aşağı olardı.

 

London İmperial Kollecinin iqlim elmləri professoru Friderike Otto bildirib ki, əldə olunan nəticələr iqlim dəyişikliyinin hava şəraitini sənayeləşmədən əvvəlki dövrlə müqayisədə daha ekstremal hala gətirdiyini açıq şəkildə göstərir.

Alimlər 18-22 mart tarixlərini əhatə edən beşgünlük proqnozları analiz edərək, qlobal istiləşmənin temperatur göstəricilərinə təsirini qiymətləndiriblər. Tədqiqat çərçivəsində hava və proqnoz məlumatları ilə yanaşı, iqlim modellərindən də istifadə olunub.

Proqnozlara görə, yaxın günlərdə istilər daha da güclənəcək. Xüsusilə cənub-qərb bölgələrində temperaturun artacağı, isti hava dalğasının isə düzənliklərə və cənuba doğru yayılacağı gözlənilir. Həftənin sonuna qədər 100-ə yaxın şəhərdə mart ayı üzrə temperatur rekordlarının qırılması ehtimal edilir.

Qeyd olunur ki, ABŞ-də ekstremal hava hadisələri arasında ən çox ölümə səbəb olan məhz isti hava şəraitidir. Meteoroloqlar xüsusilə risk qrupuna daxil olan insanlar arasında istilə bağlı xəstəliklərin arta biləcəyi barədə xəbərdarlıq edərək, vətəndaşlara bol maye qəbul etməyi və imkan daxilində evdə qalmağı tövsiyə edirlər.