Xəzər dənizində su səviyyəsinin dəyişməsi məsələsi prioritetimizdir

Xəzər dənizində su səviyyəsinin dəyişməsi məsələsi əsas prioritetimizdir. Artıq Xəzəryanı üç ölkə ilə birlikdə monitorinq və müzakirələrə başlanılıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bu gün Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş "Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə" şüarı altında təşkil olunan beynəlxalq konfransda çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq 20-dən çox ekoloji konvensiya və protokollara qoşulub.

"Bu, ölkəmizin qlobal ekoloji və iqlim gündəliyinə sadiqliyinin, beynəlxalq əməkdaşlığa verdiyi önəmin bariz göstəricisidir.

Ölkəmiz COP29-a ev sahibliyi etməklə iqlim danışıqları prosesində mühüm dialoq mərkəzinə çevrilib və qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində fəal rol oynayıb. Bir müddət öncə isə Azərbaycan BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ümumdünya Şəhərsalma Forumunun 10-cu sessiyasına uğurla ev sahibliyi etdi. Belə tədbirlər, o cümlədən, əhalimizin ekoloji mədəniyyətinin və ekoloji təfəkkürünün artmasına da töhfə verib", - nazir qeyd edib.