EHİS-in strukturunda "Elektron iştirakçılıq" altsistemi yaradılır

Prezident İlham Əliyev "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Day.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Fərmanla Elektron Hökumət İnformasiya Sisteminin strukturunda "Elektron iştirakçılıq" altsistemi yaradılacaq.

Müəyyən edilib ki, altsistem vasitəsilə aşağıdakılar təmin ediləcək:

- "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi;

- "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş ictimai iştirakçılıq formalarının həyata keçirilməsi.

Altsistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi altsistemin formalaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.