İran qəzeti Xocalı soyqırımından yazdı
Day.Az представляет новость на азербайджанском языке
İranda nəşr olunan "Şəhriyar" qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc edilib.
"Xocalı soyqırımı insanlıq əleyhinə yönəlmiş ən böyük cinayətlərdən biri kimi" adlı məqalədə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalını mühasirəyə aldılar. Ermənilər ən müasir silahlarla hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və tanınmaz hala salınanlar çoxluq təşkil edirdi. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Səkkiz ailə tamamilə məhv edilib, 487 nəfər şikəst olub ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülüb. Planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd qoymuşdular.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə qeyd edilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilk dəfə olaraq Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-nı Xocalı soyqırımı günü elan edib. Bu gün Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunması istiqamətində siyasət aparır.
Yazıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası barədə də məlumat verilir. Bu kampaniya çərçivəsində böyük işlər görüldüyü diqqətə çatdırılır. Vurğulanır ki, Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması məsələsinə gəldikdə, burada ilk növbədə İslam Əməkdaşlıq Təşkilatının qətiyyətli mövqeyini qeyd etmək lazımdır.
Məqalədə dünyanın bir sıra ölkələrinin parlamentlərinin Xocalı soyqırımını tanıdıqları diqqətə çatdırılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре