Bərdədə heyvandarlıq sərgisi təşkil olunub

Day.Az представляет новость на азербайджанском языке.


Bərdədə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə süni mayalanma yolu ilə alınan buzovların sərgisi keçirilib.
 

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, tədbir təkcə Bərdə rayonunda deyil, ətraf rayonlardan olan insanların da böyük marağına səbəb olub.

Sərgidə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Yevlax və Tərtər rayon icra hakimiyyətlərinin aqrar məsələlər üzrə şöbə müdirləri, kənd təsərrüfatı nazirliyinin nümayəndəsi, heyvandarlıq təsərrüfatlarının rəhbərləri və fermerlər iştirak ediblər. Nazirliyin şöbə müdiri keçirilən tədbirin əhəmiyyətindən danışıb. Bu sahədə əldə edilən uğurlardan və gələcəkdə görüləcək işlərdən söz açıb. Şöbə müdiri onu da vurğulayıb ki, təkcə ötən il bu sahədə xeyli uğurlar əldə edilib.

Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı və başqaları çıxış edərək son illərdə ölkədə heyvandarlığın inkişafı, heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində əldə edilən nəticələrdən, süni mayalanmanın əhəmiyyətindən bəhs ediblər. Təsərrüfatlarında süni mayalanmadan istifadə edən fermerlər də bu sahənin effektivliyindən danışıblar. Fermerlərə izah olunub ki, süni mayalandırma ilə təsərrüfatlarda məhsuldarlığın artımına və heyvanların cins tərkibinin yaxşılaşdırılmasına daha yaxşı nail olmaq mümkündür. Bu zaman yoluxucu xəstəliklərin, xüsusən də cinsi yolla yayılan xəstəliklərin qarşısı alınır. Süni mayalanma üsulundan geniş istifadə etməklə heyvandarlıqda qısırlığı azaltmaq və balavermə faizini yüksəltmək mümkündür. Fermerlərə o da bildirilib ki, Bərdədə ötən il rayon üzrə 2570 baş inək və camışda süni mayalanma aparılıb. Bu da ümumi naxırın 5,9 faizini təşkil edib. Təkcə bu ilin birinci rübündə rayonda 685 baş inək, camış və düyə etil törədicilərinin toxumları ilə süni mayalandırılıb, nəticədə 442 baş bala alınıb. Cari ilin sonuna kimi 4 min baş heyvan üzərində süni mayalanmanın aparılması nəzərdə tutulub.

Sərginin sonunda ət kəsimi kompleksinə məxsus fermaya baxış keçirilib, heyvanların saxlanma və yemləmə şəraiti ilə yaxından tanışlıq olub.