Onlayn biletiniz əlinizdə qala bilər

Day.Az представляет новость на азербайджанском языке.
Bütün dünyada geniş istifadə olunan onlayn bilet satışı Bakı Beynəlxalq Avtovağzal Kompleksində hələ də normal işləmir
Qurban bayramı günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin gücləndirilmiş iş rejimində çalışacağı ilə bağlı mətbuatda yer alan xəbərlər həm də qurumun sərnişinlərin mənzil başına vaxtında və əziyyət çəkmədən çatdırılmasının təminatı kimi səsləndi. Qurumdan rəsmən bildirildi ki, əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı artırılacaq. Belə ki, əgər adi günlərdə xəttə 370-420 avtobus buraxılırdısa, bayram günlərində onların sayı 510-540-a çatdırılacaq.
Avtovağzal Kompleksinin onlayn bilet satışı bölməsinə daxil olub istənilən bölgəyə bilet əldə etməyin daha rahat xidmət olduğunu nəzərə alıb Bakı-Lənkəran istiqamətinə iki bilet əldə etdim. Hərçənd keçən il eyni istiqamətə bu xidmət üzrə müəyyən çətinlik yaşamağıma baxmayaraq, get-gedə xidmətin keyfiyyətinin dəyişəcəyinə də ümidimi itirməmişdim. Əslində, dünyanın hər yerində populyar olan onlayn bilet satışı bizim sərnişindaşımada da tətbiq edildiyindən işi yüngülləşdirmək baxımından və əlavə vaxt sərf etmədən istənilən bölgəyə bilet əldə etmək olduqca rahatdır. Təəssüf ki, bizdə "bileti onlayn alıb avtovağzalda avtobusa minmək daha asan başa gələr"- deyə düşünən sərnişinlər ən böyük çətinliyin irəlidə olduğundan xəbərsizdirlər...
Biletsiz sərnişinlər
Onlayn satış sistemi üzrə saat 12.15-də Lənkərəna yola düşəcək avtobusla hərəkət etməli olduğumdan yarım saat əvvəldən avtovağzala gəldim. Hərçənd elektron tabloda 11.30-da yola düşməli olan Bakı-Astara avtobusu saat 12.00-i göstərməsinə baxmayaraq, hələ yerindən tərpənmək istəmirdi. Bayram günü olduğundan avtobusa minmək üçün sərnişinlər arasında əsil yarış başlanmışdı. Kişilər qadınlara, qadınlar uşaqlara qarışmışdı, səs-küydən ağız deyəni qulaq eşitmirdi. Davranış normalarının ən kobud şəkildə pozulmasından isə heç danışmağa dəyməz...
Salonun dar dəhlizində balaca taburetkalarda da biletsiz sərnişinlər yerləşdirildikdən sonra nəhayət, 12.10-da - 40 dəqiqə yubanma ilə avtobus yola düşdü.
Az sonra həmin xətdə saat 12.15-də yola düşəcək köhnə "İkarus" yer aldı. Yenə həmin qayda ilə sərnişinlərin nəqliyyata miniyi başlandı... Xətdə dayanan özəl şirkətin avtobusunun sürücüsü ümumiyyətlə, onlayn bileti tanımaq istəmədi: "Yerlər hamısı tutulub, dispetçerə müraciət edin". Yenidən onlayn bilet satışını həyata keçirən 4 saylı kassaya yaxınlaşıb vəziyyət barədə məlumat verdim. Kassada əyləşən cavan oğlan dispetçer otağına telefon açaraq əməkdaşlardan birinə "sərnişinin onlayn biletlə bağlı narazılığı var" - deyə məlumat verdi. Dispetçerə vəziyyəti izah etdikdən sonra o da öz növbəsində kiməsə telefon açaraq "saat 12.15 üçün xətdə olan avtobusun yola düşməsini ləngidin, biletli sərnişin var" - dedi və sürücüyə yaxınlaşmağımı məsləhət gördü: "Gedib deyin ki, dispetçer göndərib". Sürücü biletləri görüncə "Məni bura küçədən tutub gətiriblər. Bu, dövlət avtobusu deyil. Mən sizi apara bilmərəm" - deyə kobud şəkildə dilləndi. Bizi avtobusda yerləşdirmək üçün gələn növbəti dispetçer də nə illah etdisə, sürücü 6 AZN-ə satdığı yeri əlində onlayn biletləri olan sərnişinlərə "güzəşt" etmədi. Dispetçer çarəsiz halda çiyinlərini çəkib avtovağzalın daha bir nəzarətçisinə vəziyyətlə bağlı məlumat verdi. Elşən adlı nəzarətçi "10 dəqiqədən sonra bizim başqa bir avtobusumuz gələcək. Çalışıb sizi orada yerləşdirərik" - deyə bizə təsəlli verməyə çalışdı. Bir xeyli gözlədikdən sonra qırmızı rəngli avtobus xəttə yaxınlaşdı. Bu sürücü də öz növbəsində onlayn biletə kəskinliklə etiraz etdi. "Elşən deyib ki sizə müraciət edək"- deyincə isə elə bil bir az yumşaldı. Əlqərəz, dispetçer işə qarışdıqdan sonra bizim avtobusda yerləşməyimizə şərait yaradıldı. Ancaq biletin üzərində göstərilən 7 və 8-ci yerlərdə deyil (bu yerlər qabaqcadan biletsiz sərnişinlərə satılmışdı), 17-18-ci yerlərdə otura bildik. Hətta, təxminən "Şükür edin ki, sizə şərait yaratdıq" da dedilər.
Nəhayət, 12.15 üçün nəzərdə tutulan gediş saat 14.00-da baş tutdu...
"Onlayn bilet sistemini ona görə yaratmışıq ki..."
Məsələ ilə bağlı müraciət etdiyimiz Avtovağzal Kompleksində onlayn biletin sifarişi sisteminə nəzarət edən Rəşad Abbasov problemlə maraqlanacaqlarını, rəhbərliyə məlumat verəcəklərini və günün sonuna qədər bizimlə əlaqə yaradılacağını qeyd etdi.
Kadrlar şöbəsinin müdiri Mətləb Ağaverdiyev isə problemi onların diqqətinə çatdırdığımız üçün təşəkkür etdi. "Çox sağ olun ki, bununla bağlı bizə telefon açmısınız və həmin şəxs haqqında tədbirlər görüləcək. Bu cür insanlar cəzalanmalıdır ki, belə vəziyyət bir də təkrarlanmasın". Şöbə rəisi qeyd etdi ki, həmin tarixdə onlayn bilet ətrafında yaranan problemlə bağlı göstəricilər saxlanılır və artıq rəhbərliyə məlumat da verilib: "Həmin sürücünün vəzifə təlimatı var. O, öz vəzifəsini yerinə yetirməyib. Bununla bağlı tənbeh olunmalıdır ki, belə hadisələr təkrarlanmasın. Kimsə öz vəzifəsini düzgün icra etmir və bir nəfərə görə qalanlar da bunun əziyyətini çəkir". M.Ağaverdiyevin saat 12.15-də xətdə olan avtobusun sürücüsünün onlayn biletə saymazlıq göstərməsinə reaksiyası belə oldu: "Biz həmin şirkətlərlə müqavilə bağlayırıq ki, onlar qrafikdə sıxlıq olan günlərdə sərnişinlərə xidmət göstərsinlər. Onlar müqavilə bağlayıblarsa, bizim şərtləri icra etməyə borcludurlar. Əgər vətəndaşın əlində onlayn bilet varsa o, mütləq qaydada avtobusa oturub mənzil başına getməlidir. Yox, əgər kənardan cəlb olunan sürücüyə bu qayda sərf etmirsə, o, əraziyə gəlməməlidir". Şöbə rəisi həmin avtobusun bir daha avtovağzal ərazisinə buraxılmayacağını da qeyd etdi: "Biz onlayn bilet sistemini ona görə yaratmışıq ki, insanlar üçün rahatlıq olsun. Əvvəllər 10 gün əvvəldən bilet alanda həmin şəxsdən 20 qəpik komisyon haqqı tutulurdu. Sonradan biz bunu da ləğv etdik ki, sərnişinlərə əziyyət verməyək. Biz insan faktorunu önə çəkməyə çalışırıq".
Şöbə rəisi bayram günləri ilə əlaqədar problemlərin yaşandığını da istisna etmədi: "Adi günlərdə bu cür problemlər olmur. Sərnişinlər rahat nəqliyyatdan istifadə edə bilirlər. Bayram günlərində isə qrafikdə sıxlıq yaranır".
Rəsmi tariflər kənarda qalıb
Dünya ölkələrinin nöqsansız istifadə etdiyi biletlərin onlayn satış sistemi bizdə niyə yarıtmaz vəziyyətdədir? Sistemin təkmil olmasına mane olan səbəblər nədir? Texnoloji hazırlıqsızlıqmı? Bürokratik əngəllərmi? Ekspertlər problemin dərin kökləri olduğunu bildirirlər.
Hüquqşünas Ərşad Hüseynov hesab edir ki, sürücülərin onlayn bileti tanımaq istəməmələrinin əsas səbəbi ödənişlərin nağdsız sistemə keçirilməsi problemi ilə bağlıdır: "Əlimiz dəyməyən pulu təfəkkürümüz qəbul eləmir. Digər tərəfdən, daşınan sərnişinlərin çoxu rəsmiyyətə düşmür, onlara bilet satılmır. Xidməti elə təşkil etmək lazımdır ki, orada sərnişindaşıma ilə bağlı bütün məsələlər rəsmi qeydiyyata düşsün".
Ekspertin fikrincə, əsas məsələ bu xidmətin maliyyə tərəfini qanunvericiliyə uyğun vəziyyətə gətirməkdir: "O zaman onlayn ödənişlər də baş tutacaq. Hətta, daşıyıcı şirkətlər onlayn ödənişlərdə bir-biri ilə rəqabət aparmağa başlayacaqlar. Qara hesabatı sıradan çıxarmaq lazımdır". Ə.Hüseynov bildirir ki, sərnişindaşımada qiymətlər dövlət tərəfindən tənzimlənir. Ancaq rəsmi tariflər kənarda qalıb: "Əgər sürücü bileti 6 manata satırsa, bu, o deməkdir ki, dövlətin təyin etdiyi qiymət intizamını da pozurlar. Təbii ki, bilet satışı onlayn olsa, o intizamı pozmaq mümkün olmayacaq. "Nəzarət olmalı, qanunvericiliyə riayət edilməlidir ki, kimsə qaydaları pozmasın".
Ekspert Azər Allahverənovun fikrincə, elektron satışın təmin olunması bir neçə kontekstdə məsələnin həllini tələb edir. Belə ki, ilk növbədə texnoloji cəhətdən sistem təkmil şəkildə işləməlidir: "Onlayn biletin verilməsi, satılması və sərnişin tərəfdən əldə olunması dünyanın əksər ölkələrində kifayət qədər geniş yayılmış satış üsuludur. Artıq təyyarə biletlərinin və ya dəmir yollarında biletlərin satışı onlayn həyata keçirilir. Azərbaycanda da faktiki olaraq bu nümunələr var. Digər tərəfdən, bu sistemin təkmil işləməsini təmin edən insan resurslarıdır. Yəni bu sistemdə qulluq edən şəxslər kifayət qədər peşəkar olmalıdır. Yəni informasiyaların, məlumat bazasının tez-tez yenilənməsi, zəruri addımların atılması və s. həm də hazırlanmış insan resurslarının buna xidmət etməsini tələb edir". Ekspert deyir ki, digər tərəfdən, sərnişinlərlə avtobus sürücüləri arasında maarifləndirmə işinin aparılmasına ehtiyac var. Xüsusən avtobus sürücülərini onlayn bilet əldə edən sərnişinlərə yüksək xidmətlərin göstərilməsi istiqamətində məlumatlandırmaq lazımdır: "Həmçinin biletlərin təhlükəsizlik kodları effektiv işləməlidir ki, sürücü orda hər hansı saxtakarlıq hallarının baş verməməsinə inansın. Digər tərəfdən, sürücülərdə də həmin biletlərin satılması ilə bağlı məlumat olmalıdır. Sürücü avtobusda təkcə hansı yerlərə onlayn bilet satışının həyata keçirildiyini deyil, hətta biletlərin kimə satılması barədə də məlumatlı olmalıdır. Avtobus sürücüləri texnoloji baxımdan da həmin mərkəzlə əlaqəli olmalı və bu informasiya onlarda daim yenilənməlidir". Ekspertin fikrincə, ölkəmizdə bu sistemin mükəmməl işləməsini əngəlləyən mövcud amillər sistemin ümumilikdə təkmil işləməsinə maneçilik törədir: "İstənilən halda, sərnişindaşımada sərnişindaşıma kimi məsələlər xüsusi prioritet sahə kimi müəyyən edilməli və bu əsasda da məsələnin təkmil şəkildə həyata keçirilməsinə xidmət göstərən qaydalara riayət olunmalıdır. Onlayn bilet satışı həmçinin bölgələrdə də təkmil işləməlidir. Bu da geniş bir çevrənin əhatə olunması deməkdir. Bakı şəhərindən ölkənin müxtəlif istiqamətlərinə, həmçinin bölgələrdən paytaxta sərnişindaşıma ilə bağlı hər hansı qərarlar varsa, sərnişinlər maneçilik və hər hansı subyektiv yanaşma olmadan onlayn vasitəsilə bileti sifariş etmək imkanına malik olmalıdır. Onda biz sistemin təkmil işləməsini görərik".
Maraqlıdır ki, Beynəlxalq Avtovağzal Kompleksinin rəsmi saytında 2009-ci ilin fevral ayından başlayaraq avtovağzal xidmətinin göstərildiyi, ildən-ilə bu sahədə xidmət səviyyəsinin yüksəldiyi və fəaliyyət dairəsinin genişləndiyi qeyd edilir. Təbii ki, bu fikirlər qurumun fəaliyyətinin keyfiyyət göstəricisi olub, sərnişinlərə xidməti ilə fərqlənsəydi daha məntiqli olardı. Ən azından, avtovağzalın "beynəlxalq" status daşıdığı üçün.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре