Azərbaycan şahmatçısı: “Dünya kubokunda əsas finala çıxmaqdır"

Day.Az представляет новость на азербайджанском языке.


Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov Bakıda start götürəcək dünya kuboku ilə bağlı turnirin mətbuat xidmətinə müsahibə verib.
 

Goal.az xəbər verir ki, şahmatçı bu mötəbər turnirə hazırlıqla bağlı deyib:
 

"Azərbaycan şahmatçıları son günlər Qəbələdə hazırlıq keçdi. Düşünürəm ki, hər şey normal oldu. Əsasən ilk mərhələdəki rəqiblərimizə qarşı hazırlaşırdıq. Budəfəki dünya kuboku heyət baxımından çox güclüdür. Ona görə əvvəlcə ilk rəqib haqda düşünmək vacibdir. Azərbaycan şahmatçıları məsuliyyəti başa düşürlər. Dünya kubokunda uğurla çıxış etmək üçün əlimizdən gələni edəcəyik". Dünya kubokunda favoritin olmadığını vurğulayan Şəhriyar Məmmədyarov bildirib: "Dünya kubokunda əsas finala çıxmaqdır. Yalnız finalçılar iddiaçılar turnirinə vəsiqə qazanacaq. Bu, şahmatçılar üçün sonuncu şansdır. Son üç mövsümdə Azərbaycan dünya çempionluğuna iddiaçıların turnirində təmsil olunub. Çox istərdik ki, yeni mövsümdə də belə olsun". Dünya kubokunda ən yaxşı nəticəsi dörddəbir finala vəsiqə qazanmaq olan təmsilçimiz deyib: "Dünya kubokunda yekun nəticəni proqnoz vermək mümkün deyil. Hər bir şahmatçı iki dəfə üz-üzə gəlir. Düzgün taktika hətta güclü rəqibi belə məğlub etməyə kömək edir. Sözsüz, bütün şahmatçılarımıza inanırıq. Mənimlə yanaşı, Teymur Rəcəbovdan da uğur gözlənilir. Çox istərdim, dünya kubokunun finalında iki azərbaycanlı şahmatçı qarşılaşsın. Teymurla finalda mübarizə aparmaq ideal olardı. İndiki halda bizi çətin marafon gözləyir. Hər bir şahmatçımıza uğurlar arzulayıram".