Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketi ilə bağlı məsələ xarici medianın gündəmindədir

Martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdikləri minadantəmizləmə tədbirləri zamanı böyük dağıdıcı gücə malik "İsgəndər" raket kompleksinin raketinin qalıqlarının tapmaları və onun Bakıda nümayişi xarici medianın gündəmindədir.

Trend-in məlumatına görə, qardaş Türkiyənin media qurumları bu mövzuda çoxlu xəbərlər yaymaqda davam edir. İHA xəbər agentliyi, "haberglobal.com.tr" "ankaramasasi.com", "haberler.com", "mardinhaber.com.tr", "haber7.com", "igdirim76.com", "yesiligdir.com" saytlarında dərc olunmuş informasiyalarda Minatəmizləmə Agentliyinin operativ qərargahının rəisi İdris İsmayılovun fikirlərinə yer verilir. Qeyd olunur ki, araşdırma zamanı raketin "İsgəndər - M" raketinin qalıqları olduğu müəyyən edilib. Aparılan tədqiqat zamanı raketin üzərində olan "9M723" indeks kodu yoxlanılıb. Xəbərlərdə qeyd edilir ki, raketin uzunluğu 7 metr 23 santimetr, diametri isə 920 millimetrdir. İnformasiyalarda Ermənistanın sabiq müdafiə naziri Movses Hakopyanın "Qarabağ müharibəsində "İsgəndər" raketindən istifadə olunub, lakin hara atıldığını deyə bilmərəm" sözləri yer alıb.

Ukrayna mətbuatı da "İsgəndər-M" mövzusunu gündəmdə saxlayıb. Ukraynanın "Ukrinform" dövlət informasiya agentliyi, "BBC.com/ukrainian", "Gordon" nəşri, "podrobnosti.ua", "dialog.ua", "eurointegration.com.ua", "charter97.org", "asmedia.kiev.ua", "vybir.media" saytları dərc etdikləri məqalələrində və nüfuzlu "1+1", "İnter" telekanallarının reportajlarında qeyd edilir ki, İkinci Qarabağ müharibəsində Ermənistan Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhəri istiqamətinə "İsgəndər" raketi buraxıb. Raketin qalıqlarının Azərbaycanın Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən martın 15-də Şuşa şəhəri ətrafında təmizləmə işləri zamanı aşkarlandığı vurğulanır. Xəbərlərdə "İsgəndər" raketinin qalıqlarını əks etdirən fotolar da yer alıb. Ukrayna mətbuatı, həmçinin jurnalist, hərbi müxbir Roman Boçkalanın "İsgəndər-M" mövzusu ilə bağlı sosial şəbəkə hesabında yazdığı şərhinə də geniş yer verib.

Gürcüstan "24news.ge", "reportiori.ge", "kvira.ge", "interpress.ge" informasiya portalları yazırlar ki, Azərbaycan ərazisinə atılmış "İsgəndər-M" raketinin qalıqları Bakıda nümayiş etdirilib. Qeyd olunur ki, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. Minatəmizləmə Agentliyinin əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana "İsgəndər - M" raketinin sadələşdirilmiş variantı olan, 280 kilometr məsafəyədək uçan "İsgəndər - E" raket kompleksi verib. Bununla müqayisədə "İsgəndər - M" raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 kilometrədək məsafə qət edə bilir.

Azərbaycanın Şuşa şəhəri istiqamətində atılan "İsgəndər-M" raketi ilə bağlı Rumıniyanın "redactia.info", "news24hours", Qırğızıstanın "goldenbridgenews", Albaniyanın "ata.gov.al", Çilinin "infogate.cl" informasiya saytlarında da xəbərlər yayımlanıb. Bu informasiya mənbələrində Rusiya mediasına və rəsmilərinə istinadən qeyd olunur ki, Rusiya Ermənistana "İsgəndər-M" raket kompleksi verməyib. Həmin saytlarda bildirilir ki, bütün bunların fonunda maraqlı sual yaranır, əgər Rusiya Ermənistana "İsgəndər - M" raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Xəbərlərdə deyilir ki, məsələyə Rusiya Prezidentinin Administrasiyasından münasibət bildirilib. Bu ölkənin Adminstrasiyasının yaydığı məlumatda qeyd olunub ki, Qarabağda münaqişə zamanı "İsgəndər" raketlərindən istifadə olunmayıb. Lakin martın 15-də Şuşa ərazisində bu raketin qalıqlarının tapılması ilə bağlı sual hələ də açıq qalır.