Modern Azərbaycan diasporu: Brüsseldən Vyanaya...

Elmi yanaşmalar modern diasporun xüsusi parametrlərini və analiz çərçivəsini müəyyən edir. Onlar mobilllik, işi və məsuliyyəti bölmək bacarığı, qərar verə bilmə qabiliyyəti, hədəflər üçün birləşmək istəyidir. Bütün bunlar düşünülmüş siyasətin nəticəsi və zamanla qazanılan keyfiyyətlərdir.

Müxtəlif yaş qruplarını təmsil edən yüzlərlə, hətta mindən çox insanın Avropada olsun, ABŞ-da olsun, eyni gündə, eyni yerə toplaşa bilməsi, həm Azərbaycanın, həm də yaşadıqları ölkələrin bayraqlarını dalğalandıraraq həqiqətləri çatdırması sadəcə bizi qürurlandıran bir mənzərə deyil. Bu, siyasi və mədəni qatlarının çox dərin olduğu hərəkat, diaspora müasir yanaşmanın ilkin nəticələri və yuxarıda sadalan parametrlərin inikasıdır.

Bugünkü araşdırmamızda modern diasporun formalaşmasına məhz belə mühüm hadisələr baxımından, həmçinin Brüsseldən Vyanaya qədər keçilən yolun fonunda yanaşmağa, indiki nəticələri doğuran fəaliyyəti təhlil etməyə çalışacağıq.

Xatırladaq ki, Azərbaycan diasporunun 2019-cu ildə Brüsseldə keçirdiyi Ümumavropa Qarabağ mitinqi, 2020-ci ildə Berlində Brandenburq qapıları qarşısındakı Paris meydanında keçirdiyi II Ümumavropa Qarabağ mitinqi və 2022-ci ildə Vaşinqtonda Kapitoli binasının qarşısında təşkil edilən Ümumamerika Xocalı mitinqi  beynəlxalq ictimaiyyətin soyqırımla bağlı məlumatlandırılmasında xüsusi rol oynayıb. Həmin mühüm aksiyalar sırasına 26 fevral 2023-cü ildə Avstriyanın paytaxtı Vyanada keçirilən Ümumavropa Xocalı aksiyası əlavə olundu və bu ənənənin daha təkmil forması kimi tarixə yazıldı.

Sözsüz ki, xaricdəki Azərbaycan icmalarının və ayrı-ayrı diaspor nümayəndələrinin demək olar ki, dünyanın hər yerində məlumatlandırıcı aksiyalar, konfrans və mədəni tədbirlər təşkil etdiklərinin şahidi oluruq. Dünyanın nüfuzlu universitetlərində xarici alim və tələbələrin iştirakı ilə həqiqətlərimizlə bağlı elmi müzakirələrin aparıldığı məlumdur.

Bu gün isə diqqəti konkret olaraq yüzlərlə insanın iştirak etdiyi kütləvi aksiyalara, onlara aparan yola və nəticələrə  yönəldirik.

Son illər Azərbaycan diasporunun Xocalı soyqırımı və ümumilikdə Qarabağ həqiqətlərinin yayılması ilə bağlı Brüsseldən başlayan və bu il Vyanada davam edən aksiyaları ilk növbədə kütləviliyin artması ilə diqqət çəkir. Aksiyaların mükəmməl təşkili, məntiqi xarakterə malik olması, səsləndirilən şüarların, xarici cəmiyyətlərə xitabların səlisliyi, forma və metodların təkmilliyi, məkanın doğru seçilməsi diasporal fəaliyyətin ən böyük uğurlarından biridir.

Təhlilçilər belə nəticənin əldə olunmasında iki amili önə çəkir - diasporla möhkəm əlaqələrin qurulması və diasporlararası əlqələrin inkişafı. Burada isə ən təsirli vasitələr belə qruplaşdırılır:

-ortaq ana vətən anlayışının sarsılmazlığı;

-köçüb getdiyin ölkəyə yadlaşmamaq;

-vətənə dönmə istəyinin itməməsi və əlaqələrin inkişafı;

-vətəni müdafiə istəyi;

-məqsəd və hədəflər uğrunda birləşə bilmək bacarığı.

Xaricdəki Azərbaycan icmalarının bu təsirli vasitələri özlərinin keyfiyyət göstəricilərinə çevirməsi prosesi gerçəkdən müşahidə olunur, əlaqələr hər iki istiqamətə - vətənə və icmalara doğru möhkəmlənir,  inkişaf edir  və bunların yeni nəsil diaspora ötürülməsi də gözardı edilmir.

Mühüm amillərdən biri diasporun təşkil etdiyi aksiyalarda xaricilərin, həm də yaşadıqları ölkələrdə nüfuza malik olan xaricilərin, xüsusilə siyasətçilərin və juralistlərin iştirakının artmasıdır. Müxtəlif ölkələrin vətəndaşlarının azərbaycanlılarla bərabər bu cür aksiyalara qoşulmaları, dünyaya ədalət çağırışları etmələri Azərbaycan icmalarının beynəlxalq miqyaslı tədbirlərinin əhəmiyyətini artırmaqla yanaşı, onlara daha yüksək keyfiyyət göstəricilərinə nail olmaq üçün stimul verir. Bu, həm də ona dəlalət edir ki, soydaşlarımız yaşadıqları cəmiyyətlərdə nəinki yadlıq hiss etmir, hətta ciddi inteqrasiya prosesi keçir, etibarlı əlaqələr qururlar. Deməli, artıq Azərbaycanın, yaşadıqları ölkələrin ictimaiyyəti ilə gerçək bağlar qura bilən, həmin toplumlarda görünə bilən, fəaliyyətləri hiss edilən diasporu formalaşır.

Qeyd olunan bütün aspektlər, müşahidə olunan konkret iş, indiki nəticələri doğuran fəaliyyət aşağıdakı qənaətləri yaradır:

-son illərdəki modern yanaşma diaspora böyük önəm qazandırıb, diasporal hərəkat daha siyasi  və praqmatik bir mərtəbəyə yüksəlmə prosesindədir;

-mobillliyi olan, işi bölmə bacarığı, qərar verə bilmə qabiliyyəti qazanan, hədəflər üçün  birləşə bilən Azərbaycan diasporu  sürətli inkişaf mərhələsindədir;

-xaricdəki icmalarımız bir-birini anlamaq və müzakirələrə açıq olmaq bacarığına sahibdir;

-Diasporla İş üzrə Dövlət Komitəsi diaspor fəaliyyətinə müasir elmi yanaşma ortaya qoyur;

-soydaşlarımız vətəninə, dövlətinə sədaqətini və milli kimliyini qoruya bilir;

-diasporumuz məqamı gələndə kollektivləşmək bacarığına malikdir;

-modern diaspor ortaya analiz çərçivəsi qoya bilir;

-diasporun strateji düşünə bilmə qabiliyyəti formalaşır;

-icmalarımız beynəlxalq ictimaiyyətlə işləməyi təcrübədə sınaqdan keçirir;

-soydaşlarımız vaxtını düzgün planlayır:

-diasporumuzun məqsədi faydalı nəticəyə gətirir;

-xaricdəki Azərbaycan icmaları özü hər şeyə nail ola bilir və fəliyyətini mümkün qədər idarə etmək bacarığına yeyələnir;

-köhnə nəsil diasporla yeni nəsil diaspor arasında heç bir uçurum müşahidə olunmur.