ABŞ Bakının narahatlığını nəzərə aldı

Müəllif: Elvin Səxavətoğlu

Sabah ABŞ - Avropa İttifaqı - Ermənistan rəsmiləri arasında keçiriləcək görüşdən əvvəl əsas müzakirə mövzularından biri toplantının məqsədi ilə bağlıdır. Bəzi ekspertlər görüşün Azərbaycana qarşı planlaşdırıldığını, Ermənistanın təhlükəsizliyi ilə bağlı hərbi sənədin imzalanacağını iddia edirdilər. 

Təbii ki, bu məqamlar rəsmi Bakını narahat etməyə bilməzdi. Bu səbəbdən, Azərbaycan XİN sabah baş tutacaq görüşlə bağlı martın 27-də sərt bəyanat yaymışdı.

Bəyanatda deyilirdi: Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və "təsir dairələri" yaradır.

Azərbaycanın mövqeyi nəzərə alınır

Bakının narahatlığı görüşün əsas təşkilatçılarından olan ABŞ-nın diqqətindən yayınmayıb. ABŞ-ın dövlət katibi, faktiki olaraq, Birləşmiş Ştatları idarə edən Antoni Blinkenin görüşdən əvvəl Prezident İlham Əliyevə zəng vurması və vəziyyəti izah etməsi buna bariz nümunədir.

Blinken telefon danışığı zamanı 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını izah edib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Təbii ki, Blinkenin Prezident İlham Əliyevə zəng etməsi, vəziyyəti izah etməyə çalışması Azərbaycanın nüfuzunun göstəricisidir. Yəni qlobal oyunçular Azərbaycanla hesablaşmaq məcburiyyətindədir.

Azərbaycana izahat verildi - İran niyə susur?

5 aprel görüşü barədə digər diqqətçəkən məqam İranın mövqeyi ilə bağlıdır. Məlumdur ki, İranla Qərb dövlətləri arasında münasibətlər gərgindir. Bu səbəbdən, İran daim Qərb dövlətlərini sərhədlərinə təhdid yaratmaqda günahlandırır.

Məsələn, rəsmi Tehran dəfələrlə bəyan edib ki, bölgədəki fikir ayrılıqlarını region ölkələri özü həll etməlidir, kənar oyunçuların müdaxiləsi yolverilməzdir.

Hazırda Fransanın rəhbərliyi ilə Qərb qüvvələrinin Ermənistana yerləşməsi regiona kənar müdaxilə deyil? İran bu məsələyə niyə sərt nəyinki sərt reaksiya, heç adi münasibət belə bildirmir.

Aydındır ki, Rusiyanın Cənubi Qafqazda güc itirməsi İranın regiona müdaxilə imkanlarını artıra bilər.

Bəlkə də İranın susqunluğunun kökündə elə bu səbəb dayanır.

Proseslər göstərir ki, Ermənistan dünyanın yenidən bölüşdürülməsi prosesində hərbi platsdarm rolunda çıxış etməyi hədəfləyir. Hansı dövlətin maraqları toqquşursa, Ermənistanda üz-üzə gəlir. Qərbin Ermənistana yerləşməsi fonunda proseslərin İrəvan üçün nə ilə nəticələnəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Məlum olan odur ki, Cənubi Qafqazın Suriyası Ermənistan ola bilər.