Prezident İlham Əliyev Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramını təsdiqləyib

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı təsdiq edilib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti 9 ay müddətində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair qaydalarla bağlı təkliflərini, eləcə də hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi və onun əsasnaməsi ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verməli, hava limanlarının hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqramlarının on iki ay müddətində hazırlanıb təsdiq edilməsinə nəzarəti təmin etməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре