Hindistanda sərnişin təyyarəsi qəzaya uğradı

Hindistanın qərbində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 40 nəfər həlak olub.

Day.Az xəbər verir ki, bu barədə "News18" telekanalı məlumat yayıb.

Qəza nəticəsində ölənlər və xəsarət alanlar barədə hələlik rəsmi məlumat yoxdur.

Xatırladaq ki, Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında "Boeing 787 Dreamliner" sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı Londona uçan təyyarənin göyərtəsində 242 sərnişin, o cümlədən iki pilot və 10 bələdçi olub.

NDTV telekanalı qəzada sağ qalanların olduğunu bildirir.

xxx

13:29

Hindistanda baş verən təyyarə qəzasında ölən və yaralılarla bağlı hələlik rəsmi məlumat yoxdur.

Day.Az Hindistan mətbuatına istinadla xəbər verir ki, qəzaya uğrayan geniş gövdəli "Boeing 787 Dreamliner" təyyarəsi təxminən 300 sərnişin tutumuna malik olub.

Xilasetmə işlərini həyata keçirmək üçün qəza yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

xxx

13:04

Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında "Air India" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Day.Az xəbər verir ki, "News18" telekanalının məlumatına görə, Londona uçan AI-171 reysinin göyərtəsində 242 sərnişin olub.

Təyyarə havaya qalxdıqdan az sonra Meqaninaqar rayonunda yaşayış massivinə düşüb.

Şahidlərin sözlərinə görə, hazırda qəza yerindən qatı tüstü qalxır. Ölənlər və xəsarət alanlar barədə məlumat yoxdur.