Azərbaycandan Rusiyaya etiraz notası

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşündə ilk növbədə Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq, aralarında həm Azərbaycan və Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının etiraz notası qarşı tərəfə təqdim olunub.

Day.Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə 1 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı, Yekaterinburqda baş verən hadisələr, eləcə də Rusiyanın "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin filialı olan "Sputnik-Azərbaycan"ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı məsələlərin müzakirə olunduğu barədə Rusiya XİN-in məlumatını şərh edərkən bildirib.

Qeyd edilib ki, notada bununla yanaşı, Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərdən istifadə edilməsinə görə qəti etiraz bildirilib.