Bakıdakı tıxaclar iqtisadiyyata 2 milyard manatdan çox ziyan vurur
.jpg)
Tıxaclar yalnız əsəblər və vaxt itkisi deyil, həm də ölkə iqtisadiyyatına ciddi zərər vuran məsələlərdəndir.
Day.Az xəbər verri ki, bunu Milli.Az-a açıqlamasında iqtisadçı ekspert Sədrəddin Ağcayev deyib.
Onun sözlərinə görə, Bakıda tıxacların Azərbaycan iqtisadiyyatına vurduğu illik zərər 2 milyard manatı keçir:
"Bakının yollarında hər gün milyonlarla insan saatlarla tıxacda qalır. Orta hesabla 1 milyon aktiv işçi hər gün azı 1 saatını yollarda itirir. Bu isə il ərzində təxminən 365 milyon iş saatı deməkdir. Bakıda orta əmək haqqı 900 manat (və ya təxminən 4,5 manat/saat) olduğunu nəzərə alsaq, tıxac səbəbindən itirilən iş vaxtının iqtisadi dəyəri 1,64 milyard manatı üstələyir.
Ekspert onu da əlavə edib ki, tıxaclarda mühərrik işlədiyindən, avtomobillər gündə orta hesabla 1,5 litr əlavə benzin sərf edir:
"Avtomobil parkının böyük hissəsi Aİ-92 markalı benzinlə (1,1 manat/litr) işləyir. Bu seqmentdə illik əlavə xərc 206 milyon manat təşkil edir. Maksimum 20 faiz Aİ-95 markalı benzindən (1,6 manat/litr) istifadə edən avtomobilləri nəzərə alsaq ki, burada da illik əlavə itki 60 milyon manat təşkil edir.Ümumi yanacaq itkisi 266 milyon manata yaxındır".
S.Ağcayev bildirib ki, tıxacların zərəri yalnız yanacaq və vaxtla məhdudlaşmır:
"Havanın çirklənməsi, sağlamlıq problemlərinin artması, tibb xərclərinin böyüməsi, minlərlə sərnişinin vaxt itkisi, iş proseslərinin ləngiməsi. Bu amillər ümumilikdə ən azı 100-150 milyon manatlıq əlavə iqtisadi yük yaradır.
Bütün faktorları nəzərə aldıqda, Bakı tıxaclarının Azərbaycan iqtisadiyyatına vurduğu illik zərər 2 milyard manatı ötür. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 2,5 faizi deməkdir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре