Kredit borcu olan şəxslərin nəzərinə

Azərbaycanda kredit götürmək artıq bir çox insan üçün gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Amma borcun vaxtında ödənməsi hər zaman asan olmur və gecikmələr, maliyyə çətinlikləri insanların tez-tez qarşılaşdığı problemlərdəndir. Bəs ödənilməyən kreditə görə vətəndaş həbs oluna bilər?

Day.Az xəbər verir ki, iqtisadçı Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsində, Mülki Məcəllədə və digər əlaqədar qanunvericilik aktlarında bu məsələ tənzimlənir.

Onun sözlərinə görə, götürülən kredit qarşı tərəfin, yəni bank və ya kredit təşkilatının aktivi, daha ümumi desək, əmlakı hesab olunur. Bu səbəbdən də qəsdən, imkanı olduğu halda kredit borcunu ödəməmək müəyyən hallarda cinayət məsuliyyəti yarada bilər və bu, həbs qətimkan tədbirinin seçilməsi ilə nəticələnə bilər:

"Qanunvericiliyə əsasən, belə hallarda şəxs 3 ilədək azadlıqdan məhrum edilə bilər. Lakin bu, çoxşaxəli və mürəkkəb bir prosesdir. Həbs qətimkan tədbirinin seçilməsi bir sıra hallarda mümkün olur. Məsələn, kreditin əldə olunması məqsədilə məlumatların saxtalaşdırılması, öhdəlikdən yayınmaq üçün bilərəkdən və ya qəsdən aktivlərin özgəninkiləşdirilməsi halları müəyyən olunarsa və bu hallar məhkəmə tərəfindən sübuta yetirilərsə, həmin əməllər Cinayət Məcəlləsinə uyğun olaraq cinayət xarakterli əməllər kimi qiymətləndirilə bilər. Bu kimi hallarda şəxsin fəaliyyəti cinayət tərkibli hesab olunaraq onun barəsində həbs qərarı verilə bilər".

R.Həsənov qeyd edib ki, qanunvericiliyin əsas məqsədi və istiqaməti şəxslərin öz öhdəliklərini yerinə yetirməsi ilə bağlıdır:

"Qanunvericilik daha çox bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Məhkəmə qərarlarının icrası vasitəsilə vəsaitlərin geri qaytarılması əsas hədəf kimi müəyyən olunub. Bu məsələ, xüsusilə bank sektoru üçün olduqca əhəmiyyətlidir. Çünki vətəndaşlar kredit öhdəliklərini yerinə yetirmədikdə bu, bankların aktivlərinin keyfiyyətinin pisləşməsinə, geri qaytarılmayan kreditlərin həcminin artmasına və nəticədə maliyyə sabitliyinin pozulmasına səbəb ola bilər. Buna görə də qanunvericilik bu istiqamətdə bir sıra tədbirlər nəzərdə tutur və məhkəmə qərarları əsasən vəsaitlərin geri qaytarılmasının təmin edilməsinə yönəlib. Buna baxmayaraq, qeyd olunan hallarda kredit borcu olan vətəndaşlar qanunvericiliyə uyğun olaraq həbs edilə bilərlər".