İdman zalında gizlənən təhlükə

Ürək saniyələr içində həyatı dayandıracaq qədər güclü, eyni zamanda zəif bir orqandır. Bəzən bir dəfə dayanır, həkimlərin müdaxiləsi ilə yenidən işləməyə başlayır.

Amma bu ikinci şansı qazanan hər kəs eyni həyat tərzinə davam etməlidirmi? Maraqlıdır ki, infarkt riski daşıyan, hətta dəfələrlə infarkt keçirən insanlar belə bəzən özlərini idman zalında ağır məşqlərə verir, bədənlərini gücləndirmək üçün müxtəlif preparatlara əl atırlar. Bu nə dərəcədə düzgündür?

Day.Az xəbər verir ki, kardioloq Ülvi Mirzəyev sözügedən mövzu ilə bağlı "Yeni Sabah"a açıqlamasında qeyd edib ki, infarkt keçirən və ya ürək-damar xəstəlikləri riski yüksək olan şəxslər üçün ağır və qəfil güc tələb edən idman təhlükəli ola bilər. O, bunun səbəbini belə açıqlayıb:

"Çünki ürəyə birdən-birə düşən yük aritmiyalara, təzyiqin kəskin qalxmasına və hətta yeni ürək tutmasına səbəb ola bilər. Bununla belə, bu vəziyyət belə insanların hərəkətsiz qalması demək deyil. Əksinə, mütəmadi və düzgün seçilmiş fiziki aktivlik - məsələn, piyada gəzinti, yüngül velosiped sürmə, üzgüçülük və ya xüsusi "kardio reabilitasiya" proqramları - ürəyin güclənməsinə, qan təzyiqinin normallaşmasına, şəkər və xolesterin səviyyəsinin azalmasına müsbət təsir göstərir. Burada əsas qayda idman proqramının həkim nəzarəti altında mərhələli şəkildə seçilməsidir.

İdman orta intensivlikdə, davamlı və tədricən artırılaraq aparıldıqda sağaldıcı təsir göstərir. Məsələn, gündəlik 30 dəqiqəlik sürətli gəzinti ürək-damar sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Amma qəfil ağır yük, məsələn birdən-birə ağır çəki qaldırmaq, həkimlə məsləhətləşmədən idmana başlamaq və ya ürək xəstəliyini nəzərə almadan "peşəkar" rejimdə idman etmək təhlükəlidir. Bu zaman ürək damarlarına həddindən artıq yük düşür və risk artır".

Həkim onu da əlavə edib ki, bəziləri əzələ böyütmək və performansı artırmaq üçün anabolik steroidlər, enerji stimulyatorları və müxtəlif preparatlardan istifadə edirlər, bu maddələr isə qan təzyiqini yüksəldir, xolesterin səviyyəsini pisləşdirir, ürək ritm pozğunluqlarına səbəb olur, qaraciyər və böyrəklərə zərər vurur:

"Anabolik steroidlərin uzunmüddətli istifadəsi isə qəfil ürək ölümü riskini kəskin şəkildə artırır.

Bütün bunların nəticəsi olaraq, ürək bir insana ikinci şans verdikdə, həyat tərzini köklü şəkildə dəyişmək vacibdir. Siqaret və spirtli içkidən imtina etmək, sağlam qidalanmaq, həkimin məsləhəti ilə təhlükəsiz idman etmək, dərmanlardan sui-istifadədən uzaq durmaq əsas prinsiplərdir. Ən yaxşı yanaşma isə "ağıllı hərəkət" prinsipidir: nə çox yüklənmək, nə də tam passiv qalmaq. Çünki ürək xəstəsi üçün düzgün seçilmiş hərəkət və balanslı həyat tərzi ən güclü dərman sayılır".

Bodibildinq üzrə məşqçi kimi tanınan Şükran Soltanov da aktual mövzunu saytımıza belə şərh edib:

"Ürək-damar xəstəliklərindən əziyyət çəkən və ya infarkt keçirmiş şəxslərin idmanla məşğul olması, xüsusilə də ağır məşqlər etməsi düzgün planlaşdırılmadıqda ciddi sağlamlıq riskləri yarada bilər. Qısa müddətdə yüksək intensivlikli fiziki yüklənmə bu insanlarda qan təzyiqinin sürətlə artmasına, nəbzin çox yüksəlməsinə, ürək ritmində pozğunluqlara, təkrar infarkt riskinə və hətta qəfil ölümə səbəb ola bilər.

Əgər şəxs artıq bir neçə dəfə infarkt keçiribsə, onun fiziki aktivliyi yalnız həkim nəzarəti altında planlaşdırılmalıdır. İdmanın faydalı olması üçün məşqlərin aşağı və orta intensivlikdə aparılması, nizamlı şəkildə - həftədə 3-5 dəfə 30-45 dəqiqə davam etməsi, yüklərin tədricən artırılması vacib sayılır. Həmçinin qızdırma və soyuma hərəkətlərinin edilməsi, narahatlıq hiss olunduqda isə dərhal dayandırılması tövsiyə olunur".

Müsahibimiz bildirib ki, bədən formalaşdırmaq məqsədilə istifadə edilən anabolik steroidlər, testosteron əlavələri və enerji artırıcı vasitələr sağlam insanlarda belə ürək-damar xəstəliklərinə yol aça, xəstəliyi olanlarda isə vəziyyəti daha da ağırlaşdıra bilər:

"Ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar üçün idman bir dərman kimi dəyərləndirilə bilər. Lakin bu "dərman" düzgün formada tətbiq edilməlidir. Ağır idman isə bu şəxslərə qətiyyən məsləhət görülmür".