Milli Məclis və məhkəmə sistemi arasındakı münasibətlər əməkdaşlıq xarakteri daşıyır

Milli Məclis və məhkəmə sistemi arasındakı münasibətlər əməkdaşlıq xarakteri daşıyır. Məhkəmə islahatlarına dair təşəbbüslər tez-tez parlamentdə müzakirə olunur, təkmilləşdirilir və təsdiq edilir.

Day.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə baş tutan Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası çərçivəsində Bakıda keçirilən "Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər" mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşdə deyib.

Spiker məlumat verib ki, Milli Məclisin hazırkı çağırışı 2024-cü ilin sentyabrında keçiriən seçkilər nəticəsində formalaşıb. Bu seçkilər müstəqillik dövründə ilk dəfə ölkəmizin bütün ərazilərində keçirilib:

"Bildiyiniz kimi, Azərbaycan ərazisinin 20 %-i 30 il ərzində Ermənistanın işğalı altında idi. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ, Şərqi Zəngəzur işğaldan azad edilib, 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri ilə dövlətimizin suverenliyi bütün ərazimizdə bərpa olunub. Buna görə də bu seçki azərbaycanlılar üçün tarixi əhəmiyyətə malikdir".

Sədr əlavə edib ki, 11 siyasi partiyanın nümayəndələri bir palatalı Azərbaycan Parlamentinə seçiliblər.

"Parlamentin deputat mandatlarının əksəriyyəti cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına məxsusdur. 41 üzv müstəqildir. 125 parlament üzvündən 26-sı qadındır. Bu, əvvəlki dövrlərlə müqayisədə qadınların sayının artdığını göstərir", - deyə S.Qafarova vurğulayıb.