Yeni qərar bir gecədə hansı maşınların qiymətini dəyişdirdi? - BAZAR SİLKƏLƏNDİ
Uzun müddətdir müzakirə olunan hibrid və elektrik avtomobillərlə bağlı güzəşt məsələsində yekun qərar qəbul olunub. Ekoloji baxımdan daha təmiz sayılan nəqliyyat vasitələri üçün güzəştlər yalnız elektrik mühərrikli avtomobillərə şamil ediləcək. Beləliklə, hibrid avtomobillər bu imtiyazdan kənarda qalıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yeni qərarın elanından dərhal sonra avtomobil bazarında ciddi dəyişikliklər müşahidə olunub. Xüsusilə, ikinci əl benzinlə işləyən avtomobillərə tələbat artıb və qiymətlərdə ən azı 500 manatlıq artım qeydə alınıb. Bu artımın əsas səbəbi isə hibrid avtomobillər üçün tətbiq edilən güzəşt müddətinin cəmi iki ay sonra başa çatmasıdır. Bu isə xaricdən avtomobil sifariş edib gətirmək üçün kifayət qədər qısa zaman hesab olunur.
Çin istehsalı olan və əsasən münasib qiymətə görə alıcı tapan avtomobillərin də güzəştin bitməsi fonunda bahalaşacağı gözlənilir. Nəticədə, gələn il ərzində ikinci əl benzinli avtomobil bazarında aktivliyin daha da artacağı proqnozlaşdırılır.
Elektrik avtomobilləri üçün güzəşt müddətinin uzadılmasına baxmayaraq, bu növ nəqliyyat vasitələrinin ölkə bazarında etibarlı sayılmadığı qeyd olunur. Bunun səbəbləri sırasında elektrik maşınlarının şarj məsafəsinin az olması, soyuq havalarda batareyanın tez boşalması, eləcə də radiasiya ilə bağlı narahatlıqlar göstərilir. Buna görə də sırf elektrik mühərrikli avtomobillərin satışında ciddi artım gözlənilmir.
Xatırladaq ki, Vergi Məcəlləsinə əsasən 2019-cu ilin yanvarından yalnız elektrik mühərrikli avtomobillərin idxalı əlavə dəyər vergisindən azad edilib. 2022-ci ildən etibarən isə bu avtomobillərin ölkə daxilində satışı da ƏDV-dən azad olunub.
Bundan əlavə, 2022-ci ildən başlayaraq, istehsal ili üç ildən artıq olmayan və mühərrik həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin, eləcə də elektrikli avtomobillər üçün enerji doldurma məntəqələrinin idxalı və satışı üç il müddətinə ƏDV-dən azad edilmişdi.
Bu güzəşt müddəti 2025-ci ilin sonunda bitir. Beləliklə, 2026-cı ildən etibarən qeyd olunan xüsusiyyətlərə malik hibrid avtomobillərin idxalı və satışı da əlavə dəyər vergisinə cəlb olunacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре