Restoranlarla dəniz arasındakı məsafə 1 km-ya yaxınlaşır

Son illərdə Xəzər dənizinin səviyyəsinin kəskin azalması ətraf bölgələrdə ciddi narahatlıq yaradıb. Bəzi ərazilərdə dəniz sahildən 100-200 metr geri çəkilib, Qızılağac körfəzi ərazisində isə məsafə 2 kilometrə qədər artıb.

Day.Az xəbər verir ki, Coğrafiya İnstitutunun Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, professor Əmir Əliyev Trend-ə açıqlamasında bildirib ki, bu proses 15-20 il davam edəcək.

"Son bir əsrdə Xəzərin səviyyəsində üç dəfə kəskin dəyişiklik olub. 1930-1977-ci illərdə dəniz səviyyəsi 3.2 metrə qədər aşağı düşmüşdü, 1978-1995-ci illərdə isə 2.5 metr qalxmışdı. 1996-cı ildən indiyə qədər səviyyə 2.1 metr azalıb. Hesablamalara görə, bu proses 2040-2050-ci illərə qədər davam edəcək", - deyə professor bildirib.

Restoranlar və turizm sektoru təsirlənir

Sosial şəbəkələrdə də Xəzər dənizində suyun geri çəkilməsi ilə bağlı həyəcanlı videolar yayılır. Məsələn, Xəzər dənizinin Novxanı sahillərində çəkiliş aparan yerli sakinlər iddia edirlər ki, dənizlə restoranlar arasında məsafə artıq 500-1000 metr arasında dəyişir.

"Əvvəl dənizdən çıxıb 20 metr sonra restorana daxil olmaq olurdu, indi isə bu mümkün deyil."

Dənizin geri çəkilməsi xüsusilə dənizkənarı restoranlar, çimərliklər və əyləncə mərkəzləri üçün fəlakətli nəticələr doğurur. Sahilə çıxışın azalması səbəbindən turist və müştəri axını xeyli azalır. Eyni zamanda dəniz məhsullarına çıxış çətinləşir, balıqçılıq və su idmanı ilə məşğul olan müəssisələr zərər görür.

Mütəxəssislər bildirirlər ki, gələn yaya qədər dənizin daha da geri çəkiləcəyi gözlənilir və bu, xüsusilə çimərliklərin fəaliyyətinə ciddi təsir göstərəcək, bir çox obyekt sahillə əlaqəsini itirə bilər. Turizm və əyləncə sektorunda ciddi maddi itkilər və xidmət keyfiyyətinin azalması qaçılmaz görünür.

Elvin