Bakıda təhlükə saçan evlər

Sosial şəbəkələrdə evlərin bir-birinə olduqca yaxın məsafədə tikildiyini əks etdirən video yayılıb. Qısa müddətdə geniş müzakirələrə səbəb olan görüntülər izləyicilər arasında narahatlıq doğurub. İddialara görə, videoda əks olunan ərazi paytaxtın Binə qəsəbəsində, Südçülük sovxozu adlanan ərazidə yerləşir. Görüntülərdə yaşayış evlərinin şəhərsalma və təhlükəsizlik normalarına uyğun olub-olmaması sual doğurur.

Əsas suallardan biri həmin evlərə çıxarış verilməsi ilə bağlıdır.

Əmlak eksperti Elnur Fərzəliyev Day.az-a açıqlamasında bildirib ki, tikinti normativlərinə əsasən hər hansı fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin çıxarışı (kupçası) olmalı və həmin torpağın təyinatı "yaşayış məntəqələri torpaqları" kimi qeyd edilməlidir.

Onun sözlərinə görə, boş torpaq sahəsi üzərində aparılan tikinti işləri torpaq sahəsinin maksimum 40 faizini təşkil edə bilər. Məsələn, 100 kvadratmetrlik torpaq sahəsində yalnız 40 kvadratmetr tikinti aparmaq mümkündür. Torpaq sahəsinin ölçüsü artdıqca bu nisbət müəyyən hallarda dəyişə bilər.

Ekspert qeyd edib ki, fərdi yaşayış evləri inşa edilərkən sağ, sol, ön və arxa qonşu divarlarla, eləcə də qonşu tikililərlə olan ara məsafələri mütləq şəkildə qorunmalıdır.

"Bu məsafələrin gözlənilməməsi gələcəkdə həmin əmlaklara çıxarışların verilməsində ciddi problemlər yarada bilər. Əgər tikinti normativləri kobud şəkildə pozulubsa, bu cür evlərə çıxarış verilməsi qanunla mümkün deyil."

Elnur Fərzəliyev əlavə edib ki, evlərin bir-birinə sıx şəkildə tikilməsi təhlükəsizlik baxımından da ciddi risklər yaradır.

"Belə ki, yanğın, su basma, zəlzələ və digər təbii hadisələr zamanı bir evdə baş verən uçqun və ya yanğın qısa müddətdə digər evlərə də ziyan vura bilər. Təcrübə göstərir ki, sıx tikilmiş yaşayış massivlərində baş verən yanğınlar tez bir zamanda qonşu evlərə də keçir və bu cür hallar mütəmadi olaraq qeydə alınır."

Ekspert vətəndaşlara bu tip ərazilərdən mənzil alarkən diqqətli olmağı tövsiyə edərək bildirib ki, həm çıxarışların alınmasında problemlər yarana bilər, həm də bu cür evlərdə yaşamaq təhlükə riski daşıyır.

Elvin Səxavətoğlu
Day.Az