Prezident İlham Əliyevin dövlət siyasətinin mərkəzində güclü ailə, sağlam mənəviyyat və sosial ədalət dayanır

Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin mərkəzində məhz güclü ailə, sağlam mənəviyyat və sosial ədalət dayanır.

Day.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Respublikası artıq 30 illiyini qeyd etdiyimiz konstitusiyamızda da əksini tapdığı kimi dünyəvi dövlətdir:

"Lakin bu dünyəvilik milli-mənəvi dəyərlərdən uzaqlaşma demək deyil. Əksinə, din və dövlət münasibətlərinin balanslı, konstitusion əsaslar üzərində qurulması cəmiyyətimizin sabitliyini, multikultural harmoniyasını və insan ləyaqətinə hörmətini təmin edir.

Bu mötəbər tədbirin artıq ikinci dəfə keçirilməsi isə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq, ölkəmizdə dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişaf etdirilməsinə, dünyəvilik və vicdan azadlığı kimi fundamental dəyərlərin qorunmasına verilən yüksək önəmin bariz ifadəsidir".

Komitə sədri qeyd edib ki, Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşadığı unikal məkan olub.

"Konstitusiyamızda təsbit edilən dünyəvi dövlət modeli, dini etiqad azadlığının təmin olunması, dövlətin bütün dinlərə bərabər və ədalətli münasibəti bu ənənənin hüquqi əsasını təşkil edir. Bu model bu gün də regional və qlobal miqyasda maraqla öyrənilən uğurlu nümunədir", - Bahar Muradova vurğulayıb.