Bu günədək 70 mindən artıq təhsil tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib
70 mindən artıq təhsil tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib.
Day.Az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində fondun İdarə heyətinin sədri Bəhruz Əzimov təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, fondun fəaliyyəti dövründə e-ttkf.edu.az elektron portalına 86 mindən çox müraciət daxil olub, təhsil tələbə krediti üzrə 70 mindən artıq müqavilə rəsmiləşdirilib:
"Kreditlərin 65 faizi standart (45 956 TTK müqaviləsi), 35 faizi isə sosial (24 437 TTK müqaviləsi) təhsil tələbə kreditlərinin payına düşür. Kredit alan tələbələrin təhsil aldıqları müəssisələr sırasında ölkənin bütün ali, orta ixtisas və peşə təhsil müəssisələri yer alıb".
O vurğulayıb ki, gender bölgüsünə əsasən, kreditlərin 63 faizi qadınların (44 071 TTK müqaviləsi), 37 faizi isə kişilərin (26 322 TTK müqaviləsi) payına düşür.
Bəhruz Əzimov fondun fəaliyyətində yaş məhdudiyyətinin tətbiq edilmədiyi, eyni ailədən bir neçə nəfərin təhsil tələbə kreditindən faydalana bilməsinin Fondun sosial yönümlü və inklüziv fəaliyyətinin göstəricisi olduğu diqqətə çatdırıb.
"İndiyədək 2 tələbəsi olan 1 667 ailədə ümumilikdə 3 334 tələbə, 3 tələbəsi olan 41 ailədən 123 tələbə, 4 tələbəsi olan 3 ailədən isə 12 tələbə təhsil tələbə kreditindən yararlanıb. Ümumilikdə, 1 711 ailəni əhatə edən 3 469 tələbə TTK mexanizmi çərçivəsində kreditlə təmin olunub".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре