Səhiyyə Nazirliyi elektron siqaretlərlə bağlı məsələyə aydınlıq gətirib
Elektron siqaretlər adi siqaretlərdən "daha az zərərli" məhsul kimi reklam edilsə də, bu onların "təhlükəsiz" olduğu mənasına gəlmir.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev bildirib.
Heç vaxt siqaret çəkməyənlər arasında elektron siqaret nikotin asılılığına giriş qapısı rolunu oynayır
Onun sözlərinə görə, belə iddiaların arxasında bir neçə məsələ durur:
"Adi, yəni ənənəvi siqaret yandıqda çoxsaylı, o cümlədən toksik və xərçəng yaradan kimyəvi maddə və birləşmələr ifraz edir. Elektron siqaretlərdə yanma prosesi olmadığı üçün bu zəhərli maddələrin bir qismi (məsələn, qatran və dəm qazı) ya yoxdur, ya da daha az miqdardadır. Lakin bu, müqayisəli bir azalmadır, çünki elektron siqaretlərin istifadəsi ilə orqanizmə daxil olan digər maddələr kifayət qədərdir və hələ də ciddi risk daşıyır. Bir çox elektron siqaret isə adi siqaretdən daha yüksək konsentrasiyalı nikotin təqdim edir. Bu da asılılığı azaltmaq əvəzinə, onu daha da dərinləşdirir. Bir çox insan elektron siqaretə tütünü tərgitmək üçün başlayır. Lakin araşdırmalar göstərir ki, istifadəçilərin böyük bir hissəsi həm adi, həm də elektron siqaret istifadə etməyə davam edir. Digər tərəfdən isə, heç vaxt siqaret çəkməyənlər arasında elektron siqaret nikotin asılılığına giriş qapısı rolunu oynayır".
Elektron siqaretlərin qapalı məkanlarda zərərsiz olduğu düşüncəsi ən böyük səhvlərdən biridir
Tofiq Musayev qeyd edib ki, aromatik qoxular və tüstünün olmaması insanlarda təhlükəsizlik hissi yaradır, lakin elmi faktlar bunun əksini göstərir:
"İnsanların çoxu elektron siqaretin sadəcə su buxarı ifraz etdiyini düşünür. Əslində isə bu, tərkibində nikotin, ultra-kiçik hissəciklər, ağır metallar (məsələn, nikel və qurğuşun) və xərçəng yaradan kimyəvi maddələr (məsələn, formaldehid) olan bir aerozoldur. Bu maddələr otaqdakı hər kəs tərəfindən tənəffüs edilir. Elektron siqaret buxarı adi siqaret tüstüsü kimi qatı olmasa da, onun tərkibindəki hissəciklər daha kiçikdir. Bu ultra-kiçik hissəciklər havada uzun müddət qalır və nəfəs aldıqda ağciyərlərin ən dərin yerlərinə, oradan isə birbaşa qana keçə bilir. Bu, ətrafdakı şəxslərdə boğaz və göz qıcıqlanmasına, öskürək və nəfəs darlığına, astma xəstəliyi olanlarda kəskin tutmalara səbəb olur. Elektron siqaret istifadə edildikdən sonra otaqdakı səthlərdə (masalar, divarlar, xalçalar və hətta pərdələr) nikotin və kimyəvi qalıqlar toplanır. Bu qalıqlar zamanla havaya yenidən qarışa və ya təmas yolu ilə bədənə daxil ola bilər. Digər tərəfdən, uşaqlar və hamilələr üçün ciddi sağlamlıq riskləri yaranır. Passiv şəkildə elektron siqaret aerozoluna məruz qalmaq uşaqlarda ağciyər inkişafının ləngiməsinə və beyin funksiyalarına mənfi təsir göstərir, hamilələrdə isə nikotin plasenta (cift) vasitəsilə dölə keçərək inkişaf riskləri yarada bilər.
Hüquqi tərəfdən məsələyə nəzər yetirsək, Azərbaycanda "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna əsasən, elektron siqaretlər adi siqaretlərlə bərabər tutulur. Bu o deməkdir ki, adi siqaretin çəkilməsi qadağan olunan bütün qapalı ictimai yerlərdə elektron siqaret istifadəsi də qanunla qadağandır və cərimə sanksiyaları nəzərdə tutulur".
Elektron siqaretdən uzunmüddətli istifadə ciddi ağciyər zədələnmələrinə səbəb olur, ağciyər xərçəngi riskini artırır
Mütəxəssis bildirib ki, elektron siqaret istifadəçiləri özlərini sağlamlıqla bağlı təhlükəli risklərə məruz qoyurlar:
"Burada ağciyər zədələnmələri xüsusi yer tutur. Belə ki, elektron siqaret mayelərinin tərkibindəki dadlandırıcılar və kimyəvi maddələr ağciyərlərin dərinliklərinə nüfuz edərək ciddi xəstəliklərə yol aça bilər, hətta gözlənilməz və ölümcül nəticələrə səbəb ola bilər. Elektron siqaretlərlə bağlı ən ciddi tibbi həyəcan təbili 2019-cu ildə ABŞ-da kütləvi ağciyər zədələnmələri (EVALI sindromu) baş verdikdə çalındı. Məsələn, elektron siqaretlərin tərkibindəki Vitamin E Asetat normalda qida əlavəsi və ya dəriyə qulluq vasitəsi kimi tamamilə zərərsiz olduğu halda, buxar vasitəsilə ağciyərlərə daxil olduqda tamamilə fərqli nəticə verir. Bu maddə yağlı bir quruluşa malikdir. Buxar halında ağciyərlərin ən dərin nöqtələrinə (alveollara) çatdıqda yenidən mayeləşir və ağciyər toxumasını bir təbəqə kimi örtür. Nəticədə ağciyərlərin oksigen qəbul etməsinə mane olur və kəskin iltihaba səbəb olur. Bu vəziyyət EVALI (E-cigarette or Vaping use-Associated Lung Injury) adlanır. Digər maddə Diasetil adlanır, elektron siqaret mayelərinə dad (xüsusilə meyvəli və şirin dad) vermək üçün istifadə olunan bir kimyəvi maddədir. Bu maddə tənəffüs yollarındakı ən kiçik bronxiolların çapıqlaşmasına və daralmasına səbəb olur. Təbabətdə buna "popkorn ağciyər" ya da "bronxiolit obliterans" deyilir. Beləliklə geri dönməz bir vəziyyət yaranır və tənəffüs çatışmazlığına yol açılır. Digər təhlükə cihazın qızdırıcı spiralından buxara keçən qurğuşun, nikel və xrom kimi ağır metalların birbaşa tənəffüs sisteminə daxil olmasıdır. Bu mikroskopik metal hissəcikləri buxarla birlikdə ağciyər toxumasına yapışır. Uzun müddətdə bu, həm ağciyər xərçəngi, həm də daxili orqanların, məsələn, böyrəklərin zədələnməsi riskini artırır. Elektron siqaretlərdən istifadəsi onun tərkibindəki maddələrə dair allergiyaların yaranmasına və ya belə halların, o cümlədən astma xəstəliyinin kəskinləşməsinə, xroniki bronxit əlamətlərin tez-tez müşahidə edilməsinə, yeni tənəffüs problemlərinin, həmçinin ağız boşluğunda bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Orqanizmin digər orqanları, o cümlədən ürək-damar sistemi də ciddi təsirə məruz qalır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре