“Dünya artıq Amerikanın timsalında birqütblü idarəetməyə doğru gedir”

"Dünya artıq  Amerikanın timsalında birqütblü idarəetməyə doğru gedir. Yəni faktiki olaraq  ABŞ Rusiyanı və Çini sıradan çıxarıb və dünyanı təkbaşına idarə etmək istəyir. Təbii ki, bunun əsas səbəbi təkcə geosiyasət deyil, həm də geoiqtisadiyyat və geostrateji vəziyyətdir.

Bu gün dünyada üç əsas resurs uğrunda mübarizə gedir: enerji resursları,  təbii sərvət və mədən ehtiyatları, bir də su hövzələri. Hazırda hər biri uğrunda qlobal miqyasda mübarizə aparılır". 

Day.Az xəbər verir ki, bu fikirləri yazıçı-publisist, siyasi şərhçi Yunus Oğuz Olaylar.az-a açıqlamasında söyləyib:

"Bu gün İranla bağlı çox ciddi proseslər baş verir. Birinci faktor İranın daxilində xalqdır - insanlar ayağa qalxır. İkinci faktor Amerikadır. ABŞ  İranla  Çin arasında gizli neft ticarətinin qarşısını almaq istəyir.  Amerika çox yaxşı bilir ki, əgər  Çini  ram  etmək  istəyirsə onda  olmayan enerji  resurslarının  qarşısını  almalı və  İranla     birbaşa  danışıqlar  aparmaq  lazımdı. Amerika  İranda  siyasi  və  ideoloji  rejimi  birmənalı  şəkildə  dəyişmək  istəyir. Amma  Çin  dəyişmək  istəmir.  Bilirsiniz  ki,  Çindən və  Hindistandan  üç  marşrut  üzrə məhsul  daşınır. Bunlardan  biri  baha  da  olsa  Qırmızı  dəniz  üzərindən, ikincisi demək olar  ki, artıq  Rusiya  sıradan  çıxarılıb. Üçüncü marşrut Şimal Buzlu okeanı üzərindən həyata keçirilir ki, bu da xeyli xərc tələb edir. Dördüncü marşrut isə Çinin təklif etdiyi "Bir kəmər, bir yol" layihəsidir və bu yol  Azərbaycandan keçir. Məhz bu səbəbdən  Azərbaycan geosiyasi baxımdan mühüm mövqedədir.   Azərbaycan  isə  dünyada  şaxələndirilmiş  yaşıl  enerji  layihəsini  həyata  keçirir. Amerika istəmir ki, İran kimi ideoloji rejimə malik bir ölkənin  sərhədləri   üzərindən məhsullar daşınsın. Bu onun üçün strateji risk yaradır.  Maraqlı tərəfi odur ki, bu məsələdə Rusiya   İranın əleyhinə mövqe tutur. Nəyə  görə? Çünki əgər Amerika İran-Çin neft axınını kəsərsə, Rusiya Çinə daha çox neft sata biləcək.    Ona görə də ABŞ  İranla bağlı birbaşa danışıqlar və ya təzyiqlər yolu ilə bu axını dayandırmaq niyyətindədir.
Burada başqa bir aktor da var - Avropa. Tramp Qrenlandiya mövzusu ilə Avropanın diqqətini yayındırır və bu məsələ istəsə də, istəməsə də Avropanı parçalayır. Dördüncü güclü faktor isə Türkiyədir. Türkiyədə də siyasi rejimi dəyişmək istəyən qüvvələr var. Lakin ölkənin daxili problemləri mövcuddur - xüsusilə kürd məsələsi. Türkiyə hazırda diqqətini əsasən Suriyaya yönəldib, amma İranı da yaxından izləyir. Əsas sual budur: bu aktorlar bir-biri ilə necə razılaşacaqlar?

Bilirsiniz ki, məsələn Çin Venesuela neftinin təxminən 80 faizini alırdı. İndi bunu Amerika satacaq. Eyni ssenari İran üçün də hazırlanır: Çin neft almaq istəyəndə  onu Amerikadan alsın. Ona görə də düşünürəm ki, gec-tez  ABŞ İrana müdaxilə edəcək. Ola bilsin, bu çox yaxın zamanda baş versin. Bu müdaxilə nəticəsində Amerika İranda ideoloji və siyasi rejimi dəyişəcək. Əgər İran buna razı olmazsa, vəziyyət çox ağırlaşacaq.  İran siyasi və iqtisadi islahatlara getsə federativ dövlət yaranacaq. Molla rejimi də bunu istəmir, çünki son nəticədə, bu ölkənin parçalanması deməkdir.Ona görə də,dövləti xalqlar həbsxanasına çevirib.

Şahın oğlunun hakimiyyətə gətirilməsi məsələsi də gündəmdədir. Məncə, bu daha çox İsrailin oyunudur. Amma Tramp açıq şəkildə bildirib ki, "ondan dövlət başçısı olmaz".

İranda yaşayan azərbaycanlılara gəlincə, lider çatışmazlığı olsa da, müəyyən fiqurlar mövcuddur. Mənim fikrimcə, ən optimal variant odur ki, Pezeşkian mövcud sistem daxilində prezident səlahiyyətlərini genişləndirsin, mollaların birbaşa dövlət idarəçiliyinə son qoysun, parlamenti buraxsın və yeni parlament seçkiləri keçirsin. Eyni zamanda İran Konstitusiyasının 15-ci maddəsi həyata keçirilsin - yəni  Azərbaycan dilinin rəsmi istifadəsinə və təhsildə tətbiqinə imkan verilsin. Bu hüquqlar digər xalqlara da tanınmalıdır. İnsan öz ana dilində danışmaq istəyirsə, niyə danışmasın? Hazırda prezident hələlik Məsud Pezeşkiandır. Proseslərin bundan sonra necə inkişaf edəcəyini zaman göstərəcək. Burada Azərbaycanın yeri- Azərbaycan birtərəfdir. Amma  düşünürəm ki,  Azərbaycan öz soydaşlarının qırılmasına biganə qalmamalıdır. Əgər azərbaycanlılar təhlükə altındadırsa, Azərbaycan "dayan" deməlidir. Fikrimcə  Pezeşkian buna imkan verməməlidir ki, azərbaycanlılar qırılsın".