Maşın bazarında nə baş verir?

Bir zamanlar həftə sonları müştəri əlindən tərpənmək mümkün olmayan avtomobil bazarında hazırda durğunluq yaşanır. Satışla məşğul olanlar bildirirlər ki, son vaxtlar işləri əvvəlki kimi getmir.

Bəs bu vəziyyətin yaranmasına səbəb nədir? Ümumiyyətlə, avtomobil bazarında nə baş verir, qiymətlər necə dəyişir və proqnozlar nədən ibarətdir?

Day.Az xəbər verir ki, hazırda bazarda satıcı çox, alıcı isə demək olar ki, azdır. Satıcıların sözlərinə görə, xüsusilə Çindən gətirilən avtomobillərə marağın artması digər markaların satışına mənfi təsir göstərib. Əvvəlki illərlə müqayisədə bazarda aktivlik zəifləyib. "İki tay" (zərbəli və ya təmir olunmuş) avtomobillər də satışa çıxarılır və müəyyən qədər alıcı tapır, lakin ümumi satış həcmi aşağı səviyyədə qalır. Qiymətlərdə ciddi artım olmasa da, alıcı qıtlığı hiss olunur.

Ekspertlərin sözlərinə görə, ikinci əl avtomobillərin qiymətləri əsasən sabitdir. Amerika və Koreya bazarından gətirilən avtomobillər normal satılır. Çin avtomobillərinə maraq artsa da, son aylarda bu seqmentdə də müəyyən enmə müşahidə olunur. Qış aylarında satışların zəifləməsi ənənəvi hal sayılır və yaz aylarında bazarda müəyyən canlanma gözlənilir.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, 2026-cı ilin yanvar ayında Azərbaycana 176 milyon 542 min ABŞ dolları dəyərində 7 591 ədəd nəqliyyat vasitəsi idxal olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə idxalın dəyər ifadəsi 27% artsa da, say baxımından 72 ədəd (0,9%) azalma qeydə alınıb. İdxal olunan minik avtomobillərinin sayı 6 774 ədəd olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 132 ədəd azdır. Yəni, ötən ilin yanvarı ilə müqayisədə bu ilin yanvarında ölkəyə say baxımından daha az avtomobil gətirilib.

Mütəxəssislər hesab edirlər ki, 2026-cı ildə avtomobil idxalı ötən illə müqayisədə bir qədər az ola bilər. Lakin ümumilikdə bazarın artımı davam edəcək. Sürətli artım gözlənilməsə də, illik təxminən 2% civarında artım proqnozlaşdırılır.

Ekspert Eldəniz Cəfərov bildirir ki, Azərbaycana müxtəlif ölkələrdən avtomobil idxal olunur, lakin əsas marşrut Gürcüstan üzərindən həyata keçirilir. Gürcüstanda istehsal ili 6 ildən çox olan avtomobillərin idxalına məhdudiyyət tətbiq edilməsi belə nəqliyyat vasitələrinin qiymətində artıma səbəb ola bilər.

Hibrid avtomobillərə tətbiq olunan güzəştlərin müddəti başa çatdığından, bu nəqliyyat vasitələrinin qiymətləri əvvəlki səviyyəyə qayıdıb. Qiymət artımından daha çox, güzəşt mexanizminin ləğvi nəticəsində əvvəlki bazar şərtlərinin bərpa olunduğu qeyd edilir.

Ekspertlər vurğulayırlar ki, avtomobil qiymətlərinə təsir edən əsas amillər ehtiyat hissələrinin qiyməti, xammal dəyəri və daşınma xərcləridir. Əgər bu sahələrdə artım baş verərsə, avtomobillərin qiymətində də yüksəliş mümkündür. Ən azından Novruz bayramına qədər bazarda qiymətlərin sabit qalacağı gözlənilir.

Elcan Turan
Day.Az