Trampdan sensasion AÇIQLAMA: İran müharibəsi bu həftə tezliklə bitməlidir

ABŞ prezidenti Donald Tramp İranla bağlı münaqişənin tezliklə sona çata biləcəyini açıqlayıb.

Day.Az Reuters-ə istinadən xəbər verir ki, Tramp tərəflərin razılaşmaya çox yaxın olduğunu bildirib və həftəsonu ABŞ-İran görüşünün baş tuta biləcəyini deyib.

O, həmçinin Livan-İsrail arasında qüvvəyə minmiş atəşkəs fonunda Tehranın dəstəklədiyi Hizbullahı silahları susdurmağa çağırıb.

Trampın sözlərinə görə, iki həftəlik atəşkəsin uzadılması ehtimalı olsa da, İranın razılaşma istəyi bu addımı lazımsız edə bilər. O bildirib ki, mümkün razılaşma Islamabad şəhərində imzalana bilər və belə bir hal baş verərsə, şəxsən iştirak etməyə hazırdır. Daha sonra Las-Veqasda çıxışı zamanı o, müharibənin "tezliklə bitməli olduğunu" xüsusi vurğulayıb.

Məlumata görə, prosesdə vasitəçi rolunu oynayan Pakistan mənbələri gizli diplomatiyada irəliləyiş olduğunu bildirir. Planlaşdırılan görüşün ilkin razılaşma memorandumunun imzalanması ilə nəticələnə biləcəyi qeyd olunur. Mənbələrə görə, tərəflər əvvəlcə prinsipial razılığa gələcək, daha sonra isə 60 gün ərzində geniş və detallı saziş hazırlanacaq.