WhatsApp ödənişli OLACAQ?

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan WhatsApp üçün aylıq ödənişli abonəlik modelinin hazırlandığı iddia olunur.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, "WhatsApp Plus" adlandırılan bu sistemin artıq məhdud sayda istifadəçi ilə test edildiyi bildirilir.

İddialara görə, aylıq təxminən 2,49 avro (təxminən 4,5 AZN) olacaq bu paket tətbiqin əsas funksiyalarına təsir etməyəcək. Mesajlaşma və zəng kimi əsas xidmətlər pulsuz qalacaq, ödənişli versiya isə əlavə imkanlar təqdim edəcək. Modelin Instagram platformasındakı abonəlik sisteminə bənzər olacağı qeyd edilir.

Yeni paket çərçivəsində çat sabitləmə limiti artırıla bilər, interfeysin fərdiləşdirilməsi, xüsusi stikerlər, fərqli bildiriş səsləri və istifadəçiyə uyğun siyahılar kimi funksiyaların əlavə olunması planlaşdırılır. Hələ test mərhələsində olan sistemin gələcəkdə mərhələli şəkildə istifadəyə verilməsi gözlənilir.

Şirkət tərəfindən rəsmi açıqlama verilməyib.