Leonardo da Vinçinin 500 il əvvəlki proqnozu təsdiqləndi

İtalyan dahisi Leonardo da Vincinin təxminən 500 il əvvəl ürəyin quruluşu ilə bağlı irəli sürdüyü fikir müasir elm tərəfindən təsdiqlənib. O, ürəyi tədqiq edərək onun daxilində qar dənəsinə bənzər incə əzələ şəbəkələri - trabekülləri təsvir etmişdi.

Müasir tədqiqatlarda bu strukturların funksiyasını araşdırmaq üçün Maqnit rezonans tomoqrafiyası, fraktal analiz və geniş məlumat bazalarından istifadə olunub.

Day.Az xəbər verir ki, Nature jurnalında dərc olunan nəticələrə görə, trabeküllər ürəyin fəaliyyətində mühüm rol oynayır və bəzi hallarda ürək-damar xəstəlikləri riskinə təsir göstərə bilər.

Alimlər bildirirlər ki, bu mürəkkəb, şaxələnmiş quruluş ürəyin performansını formalaşdıran əsas amillərdən biridir və onun genetik əsasları da müəyyən edilib.

Araşdırma həm də Fraktal nəzəriyyənin biologiyada tətbiqinin əhəmiyyətini göstərərək Da Vinçinin elmi uzaqgörənliyini bir daha təsdiqləyib.