Mübahisəli araşdırma: Kokainə məruz qalan somonlar daha uzağa üzür

Yeni elmi araşdırma göstərib ki, su hövzələrində narkotik çirklənməsi balıqların davranışına ciddi təsir edir.

Day.Az xəbər verir ki, xüsusilə Atlantik somonu üzərində aparılan tədqiqatda kokain və onun metaboliti olan benzoilekqoninə məruz qalan balıqların daha aktiv və qeyri-adi hərəkət etdiyi müəyyən edilib.

Alimlər təcrübəni Vättern gölü ərazisində həyata keçirib. 105 somon üzərində aparılan müşahidələr göstərib ki, narkotik maddəyə məruz qalan balıqlar digərlərinə nisbətən təxminən 2 dəfə daha uzaq məsafə qət edir və daha geniş əraziyə yayılır. Bəzi hallarda bu fərq 13-14 kilometrə qədər çatıb.

Mütəxəssislər bildirirlər ki, bu dəyişikliklər ekosistem üçün ciddi risk yarada bilər. Balıqların hərəkət və yayılma davranışının dəyişməsi qida zəncirinə və populyasiya balansına təsir edir.

Araşdırma həmçinin göstərir ki, şəhər tullantı sularında olan narkotik qalıqları təbiətə düşündüyümüzdən daha böyük zərər vurur.