DTX kibertəhqiqat istiqaməti fəaliyyətə BAŞLAYIB
Azərbaycanda kibertəhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tərkibində fəaliyyətə başlayıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov "4-cü Milli Kibertəhlükəsizlik Forumu" çərçivəsində keçirilən "Milli Kibertəhlükəsizlik Ekosistemi" mövzusunda sessiyada deyib.
O qeyd edib ki, kibertəhqiqatın prosessual və kibertədqiqat istiqamətlərinin tandem şəklində fəaliyyət göstərməsi kibertəhdidlərə qarşı mübarizədə mühüm irəliləyişlərin əldə olunmasına xidmət edir və bu istiqamətdə ciddi nəticələrin əldə olunması hədəflənib.
"Mütləq sürətdə dövlət-özəl tərəfdaşlığının, süni intellekt əsaslı müdafiə mexanizmlərinin gücləndirilməsi, risklərin qiymətləndirilməsi, eyni zamanda, böyük həcmli məlumatlarda yeni risklərin meydana çıxmaması üçün süni intellekt həllərinin artırılması istiqamətində təşəbbüslərimizi artırmalıyıq", - deyə o əlavə edib.
D.Rüstəmov kibertəhlüksəzliyin qorunması istiqamətində beynəlxalq əməkdaşlıqdan da bəhs edib:
"Dünyanın 160 kibertəhlükəsizlik mərkəzi ilə əlaqə nöqtələrimiz var. Budapeşt Konvensiyası çərçivəsində 24/7 əlaqə kanalı üzrə kibercinayətkarlıq hallarının araşdırılması istiqamətində tədbirlər görürük. BMT-nin yeni qəbul olunmuş və Azərbaycanın ilk ratifikasiya etdiyi kibertəhlükəsizliklə bağlı konvensiyası üzərində də işlər gedir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре