Beş ölkə, bir nəticə: Mərkəzi Asiyanın Azərbaycana ehtiyacı var
Müəllif: Gülnarə Rəhimova
İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində, İssık-Kul gölünün sahilində Mərkəzi Asiya dövlət başçılarının və Azərbaycanın Məşvərət Görüşü keçirilib. Bakı üçün bu sammit əlamətdar hadisə olub: Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə olaraq toplantıda fəxri qonaq deyil, formatın tamhüquqlu iştirakçısı qismində iştirak edib. Azərbaycanın bu formata qoşulması barədə qərar bir il əvvəl Özbəkistanda keçirilən görüşdə region liderləri tərəfindən qəbul edilmişdi. Beləliklə, altıtərəfli əməkdaşlıq mexanizmi tam formatda fəaliyyətə başlayıb.
Prezident İlham Əliyev özü də Azərbaycanın bu formata qoşulmasının simvolik deyil, məntiqi addım olduğunu aydınlaşdıran statistik rəqəmlər səsləndirib. Prezident İlham Əliyevin sözlərinə görə, 2023-cü ilin əvvəlindən ötən üç il yarım ərzində o, Mərkəzi Asiya ölkələrinə 16 səfər edib. Həmin müddət ərzində region ölkələrinin liderləri isə Azərbaycana 26 dəfə səfər ediblər.
"Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib", - deyə Azərbaycan Respublikasının Prezidenti sammitdə çıxışı zamanı bildirib.
Sammit ərəfəsində Bakı ilə Bişkek müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayaraq ikitərəfli əlaqələrin ən yüksək səviyyəsini rəsmiləşdirib. Bununla yanaşı, energetika, nəqliyyat, kibertəhlükəsizlik və statistika sahələrində əməkdaşlığı əhatə edən sənədlər paketi də imzalanıb. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 100 milyon dollardan 200 milyon dollara çatdırılıb.
"Onu da qeyd etmək istərdim ki, iki qardaş ölkə arasında iqtisadi-ticari münasibətlərin uğurla inkişafı məni sevindirir. Bu gün imzaladığımız sənədlərdən biri də birgə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin 100 milyon dollardan 200 milyon dollara çatdırılmasını nəzərdə tutur. Görülən işlər, birgə Fondun maliyyələşdirilməsi çərçivəsində artıq həyata keçirilən layihələr haqqında bizə məlumat verildi. Bir neçə müəssisə artıq fəaliyyət göstərir, amma potensial da kifayət qədər böyükdür", - deyə Prezident İlham Əliyev bildirib.
Fondun həmsədri Zamirbek Osmonov bildirib ki, fond artıq 11 layihəni təsdiqləyib, minə yaxın yeni iş yeri yaradıb və energetika, logistika, yüngül sənaye, eləcə də kənd təsərrüfatı məhsullarının emalı sahələrini əhatə edən daha 30-a yaxın təşəbbüsü nəzərdən keçirir. Qırğızıstanın energetika naziri Altınbek Rısbekov isə ölkələr arasında neft və neft məhsullarının tədarükü mexanizminin yaxın bir həftə ərzində hazırlanacağını bildirib.
"Bugünkü memorandum bizə yaxşı, sıx tərəfdaşlıq münasibətləri qurmaq imkanı verəcək. Söhbət məhz neft məhsullarının tədarükü sahəsində əməkdaşlıqdan gedir. Artıq ilkin razılaşmalarımız var. İndi isə həyata keçirmə mexanizmlərini - tədarüklərin necə həyata keçiriləcəyi və bundan sonra hansı istiqamətdə irəliləyəcəyini işləyib hazırlamalıyıq", - deyə o bildirib.
Məhz bu fonda Mərkəzi Asiya ölkələrinin liderləri Azərbaycanın regional əməkdaşlığın inkişafındakı rolunu xüsusi vurğulayıblar.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakının bu formata qoşulmasını məşvərət görüşlərinin müsbət təkamülündə yeni mərhələ kimi qiymətləndirib.
"Mərkəzi Asiya müasir tarixinin ən uğurlu dövrünü yaşayır. Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması formatımızın müsbət təkamülündə yeni mərhələnin başlanğıcı oldu. Birgə səylər sayəsində siyasi dialoqun daha da dərinləşdirilməsi, investisiya, energetika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, vahid nəqliyyat-logistika sisteminin formalaşdırılması üçün əlverişli şərait yaradılır. Son illərdə regiondaxili ticarət dövriyyəsi davamlı olaraq artır, işgüzar əlaqələr genişlənir, birgə müəssisələr yaradılır, ortaq investisiya layihələri həyata keçirilir, humanitar əlaqələr möhkəmlənir. Mədəni, təhsil və gənclər mübadiləsi də yeni məzmun qazanır. Bütün bu müsbət nəticələr qardaş xalqlarımızın daha da yaxınlaşmasına və regionun beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir", - deyə o bildirib.
Onun sözlərinə görə, region daxili ticarət və investisiya həcmlərini ardıcıl şəkildə artırır və Azərbaycanın bu prosesə qoşulması ona əlavə siyasi və iqtisadi çəki qazandırır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə hesab edir ki, Azərbaycanın yeni formatda iştirakı Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Əfqanıstanı birləşdirən vahid inkişaf məkanının formalaşdırılması üçün tarixi imkan yaradır.
"Qarşımızda Mərkəzi Asiyanı, Cənubi Qafqazı və yaxın qonşumuz Əfqanıstanı birləşdirən vahid inkişaf məkanını formalaşdırmaq üçün tarixi imkan açılır. Bu məqamdan maksimum yararlanmalı, Avrasiyanın mərkəzində dayanıqlı inkişaf, qarşılıqlı bağlantılar və mehriban qonşuluq üçün möhkəm təməllər yaratmaq məqsədilə birgə səylər göstərməliyik", - deyə o bildirib.
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycanın rolunu enerji təhlükəsizliyi ilə əlaqələndirib. Onun sözlərinə görə, dünya enerji bazarlarında müşahidə olunan gərginlik region ölkələrinin maraqlarına da birbaşa təsir göstərir.
"Məlumdur ki, bu gün regional və qlobal enerji bazarlarında formalaşan gərgin vəziyyət bizim maraqlarımıza da birbaşa təsir göstərir. Bu baxımdan dayanıqlı inkişafın əsas amillərindən biri olan enerji təhlükəsizliyi məsələsi üzərində daha ətraflı dayanmaq istəyirəm. Mən bu mövzuya əvvəlki görüşlərimizdə də toxunmuşdum. Gəlin, mövcud reallıqları nəzərə alaraq, bu aktual məsələ üzərində hamılıqla ciddi düşünək. Konkret olaraq, aidiyyəti qurumlarımıza regionda ən müasir texnologiyalar əsasında iri neft emalı zavodunun tikintisi məsələsini işləyib hazırlamağı tapşırmağı təklif edirəm", - deyə o bildirib.
Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında nəqliyyat və turizm sahələrinə xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, region ölkələri Azərbaycanla birlikdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu da daxil olmaqla bir sıra dəmir yolu, avtomobil və multimodal nəqliyyat layihələrini həyata keçirirlər.
"Münasibətlərimizin möhkəm təməlini mədəni yaxınlıq, ortaq tarix və xalqlarımız arasında ənənəvi əlaqələr təşkil edir. Turizm sahəsində əməkdaşlığın böyük potensialı var. Mərkəzi Asiya və Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini, Böyük İpək Yolunun tarixi abidələrini, dağ və göl mənzərələrini, milli ənənələri və mədəni müxtəlifliyi təqdim edə bilər", - deyə o bildirib.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov isə təsdiqləyib ki, növbəti - sayca səkkizinci Məşvərət Görüşü 2026-cı il oktyabrın 8-də Türkmənistanın "Avaza" Milli Turizm Zonasında keçiriləcək.
"Mən əminəm ki, yeni altıtərəfli dövlətlərarası əməkdaşlıq mexanizmi xalqlarımız və ölkələrimiz arasında yaxınlaşmanı daha da gücləndirəcək, qardaşlıq əlaqələrini möhkəmləndirəcək, artan birgə potensialdan istifadə etməklə əməkdaşlığa əlavə dinamika və yeni perspektivlər qazandıracaq", - deyə o əlavə edib.
Çolpon-Atada səsləndirilən bütün fikirləri ümumiləşdirsək, aydın görünür ki, Azərbaycan regional əməkdaşlığın gələcək inkişafının mühüm amillərindən biri kimi qiymətləndirilir. Qazaxıstan Bakının bu formata qoşulmasını regionun beynəlxalq nüfuzunu artıran amil hesab edir. Özbəkistan Azərbaycanı vahid inkişaf məkanının formalaşmasında vacib həlqə kimi görür. Tacikistan onu enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş hesab edir. Qırğızıstan Azərbaycanın nəqliyyat əlaqələrinin genişləndirilməsi və birgə infrastruktur layihələrinin həyata keçirilməsində əsas tərəfdaşlardan biri olduğunu vurğulayır. Türkmənistan isə Bakını yeni altıtərəfli mexanizmin mühüm iştirakçısı və regional inteqrasiyaya əlavə dinamika verə biləcək ölkə kimi dəyərləndirir.
Bütün bunlar göstərir ki, Azərbaycan artıq Mərkəzi Asiya ölkələri tərəfindən formalaşmaqda olan regional əməkdaşlıq arxitekturasının ayrılmaz iştirakçısı kimi qəbul edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре