Kiçik filmin böyük anlamı - FOTOSESSİYA
Day.Az представляет новость на азербайджанском языке
Və ya xidmət liftinin duyğusal işçisinin hekayəti
Qısametrajlı filmlərin təəssüratı ilk məhəbbətin uzaq, amma həm də çox yaxın, acılığı olsa belə, həm də şirin təəssüratını xatırladır. Qısametrajlı filmlər də belədi - xronometrajı qısa, buraxdığı iz isə dərin. Milli.Az-ın "Azərbaycanın kino incilərindən" layihəsində söhbət açdığımız budəfəki səbəbkarımızın mövzusu da ilk məhəbbət və bu hissin fonunda insanların bir-birlərinin və özlərinin dəyərini anlamaları kimi önəmli məqam olan, 1966-cı ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilən və "Qaraca qız" kinoalmanaxının tərkibində ekranlara çıxan Rüfət Şabanovun "Liftçi qız" qısametrajlı filmidir. Bu film 1967-ci ildə Tiflisdə Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalında iştirak edərək Gürcüstan LKGİ MK-nın Diplom və Prizini alıb. Film yazıçı, ssenari müəllifi, rejissor, kino sənətinin metrlərindən biri Həsən Seyidbəylinin "Xidmət lifti" hekayəsinin motivləri əsasında çəkilib.
Qısametrajlı filmin ən qısa iri planı
"Liftçi qız" filminin son kadrında Cüllüt obrazını canlandıran və sanki, filmin qəhrəmanı böyük Lalənin də əvəzinə kinokameranın iri planında "Mən Cüllüt deyiləm, mən Laləyəm" deyən balaca, şirin qızcığaz Rüfət və Elmira Şabanovların ilk övladı Leyla xanım (indi Vəzirzadə) teatr və ya kino aktrisası olmağı çox istəsə də, İncəsənət İnstitutunun (indiki Mədəniyyət Universiteti-red.) məzunu olsa da, atasının Elmira xanımın aktrisalıq karyerası ilə bağlı bəlli mövqeyini gördüyü üçün bu istəyindən vaz keçib. Və Cüllüt onun hələlik yeganə kinoobrazı olaraq qalır. Hazırda Dövlət Film Fondunda baş redaktor vəzifəsində çalışır. Leyla xanımın filmlə Milli.Az-ın oxucularına danışdığı xatirələri az olsa da, çox maraqlı kəşf oldu mənim üçün...
Leyla Vəzirzadə:
"Cəmisi dörd yaşım olduğuna görə o günlər o qədər də yaxşı yadımda deyil. Amma nə qədər təəccüblü olsa da, əsas proses yadımda qalıb. Həmin epizod Kukla Teatrının yanındakı fəvvarənin ətrafında çəkilib. İndi o fəvvarənin quruluşu başqa cürdü. Atam (filmin quruluşçu rejissoru Rüfət Şabanov-red.) mənim əlimə bir çubuq verib dedi ki, bu çubuğu əlində oynada-oynada suya batırıb-çıxar. O kadrda bir qızın topla oynaya-oynaya o baş bu başa qaçdığı da görünür. Atam demişdi ki, o qız o başa çatmamış kameraya tərəf çevrilməyim. Bu epizod bir neçə dubla çəkildi, çünki mən lazım olan məqamda çevrilmirdim, ya tez dönürdüm kameraya tərəf, ya da gec. Çəkiliş qrupunun o biri üzvlərinin də orada olduğu yadımdadı. Atamı oynayan və mənə "Cüllüt, çəkil oradan, hovuza düşərsən" deyən isə Rus Dram Teatrının aktyoru Eldar Əliyevdi. ("Mən ki gözəl deyildim filmində Çingiz, "Dəli Kür"də Rus Əhməd və s. kimi kinoobrazları da var - red.). Növbəti gün də atamla çəkilişə gəldim. Artıq məndən heç bir iş tələb olunmurdu. Ona görə rahatça oralarda hərlənib-fırlanırdım. Bir də gördüm ki, atamın yanına çəkiliş qrupundan bir nəfər yaxınlaşdı və atama "Təbrik edirəm, Rüfət müəllim! Oğlunuz oldu" - dedi. Atam çox sevinmişdi. Mən də sevindim. Axı qardaşım (kinorejissor Fuad Şabanov -red.) dünyaya gəlmişdi!. O qardaşım ki, atamın yolunu indi layiqincə davam etdirir".
Kişi dostluğu
Liftçi qızın əvvəl cavabsız, tədricən isə qarşılıqlı sevgi ünvanı məktəb yoldaşı Nərimandı. Xalq artisti Tariyel Qasımov saytımıza müsahibəsində kinodakı bu debütündən və bir sıra digər məqamlardan həvəslə bəhs etdi.
Tariyel Qasımov:
"İnstitutu təzə qurtarıb teatrda işləyirdim. Nəriman roluna Ramiz Məlikov, Ələsgər İbrahimov da sınaq çəkilişlərinə dəvət edilmişdilər. Məhz mənim bu rola təsdiq olunmağımın səbəblərindən biri də o idi ki, Rüfət Şabanov məni "Dağlarda döyüş" filminə də baş rola çəkməyi nəzərdə tutmuşdu. Deyirdi, istəyirəm ki, kamera qarşısında dayanmağa, çəkiliş meydançasının ab-havasına öyrəşəsən. Çox yaxşı insan, istedadlı rejissor idi. İş elə gətirdi ki, "Dağlarda döyüş" filmini ondan alıb Kamil Rüstəmbəyova verdilər - Rüfət Şabanov kinostudiyadan telestudiyaya, Kamil Rüstəmbəyov isə televiziyadan kinostudiyaya gəldi. Həsən Əbluc, Şahmar Ələkbərov və mən möhkəm dost idik, qardaşdan da artıq. Üçümüzün də şəkli institutun Şərəf lövhəsində idi. Hətta mənim İncəsənət İnstitutunda oxumağımdan narazı olan atam kənddən pul göndərmədiyinə görə Şahmargildə qalırdım. "Liftçi qız"ın sınaq çəkilişlərinə gələndə isə Həsən Əbluc demişdi ki, əgər sən o filmə təsdiqlənsən, rolunu mən səsləndirəcəm. Mən də demişdim ki, kaş ki elə mən təsdiqlənim, nə qədər istəsən səsləndirərsən. Və belə də oldu - Nəriman rolunu Həsən səsləndirdi. Hətta səsləndirmə vaxtı gəlib çatanda Rüfət Şabanov məndən soruşmuşdu ki, niyə öz rolumu özüm səsləndirmirəm? Mən də məsələni olduğu kimi ona danışmışdım. "Dağlarda döyüş" filmində Fərrux roluna namizədləri seçəndə məni o vaxt çalışdığım İrəvan teatrından dəvət etmişdilər, Şahmar isə əsgərlikdə idi, onu da oradan dəvət etmişdilər və əsgər formasında kinostudiyada görünəndə rejissorun "gözü onu da tutmuşdu". Hətta rejissor assistenti Əşrəf Mamayev mənə dedi ki, bilirəm, Şahmarla qardaş kimisiz, bu rola çəkilmək üçün ən böyük şans səninlə ondadı. Bunu eşidəndə dedim ki, onda elə hesab edin ki, mən heç bu sınaq çəkilişlərində iştirak etməmişəm, qoy Şahmar çəkilsin o rola".
"...39 dərəcə qızdırmam var idi..."
Nəriman obrazı orta məktəbi təzə bitirmiş bir gənc obrazıdı. Mənim isə o vaxt artıq 26 yaşım var idi, hətta evlənmişdim. Görkəmcə rola uyğun görünmürdüm deyə qaşlarımı qırxıb yerinə nazik qaş düzəltdilər, saç düzümümü dəyişdirdilər. Lalə roluna isə arıq, çəlimsiz məktəbli qız axtarırdılar. Xuraman xanım Qasımova da o vaxt musiqi məktəbinin skripka bölməsinin 7-ci sinfində oxuyurdu, çəkilişlərə də skripka ilə gəlib-gedirdi. Xuraman xanımın Kino Evində yubileyi qeyd olunanda mənimlə şəkil çəkdirdi. Yanaşı dayananda gördük ki, Rüstəm İbrahimbəyov bizə çox diqqətlə baxır. Xuraman xanım zarafatla dedi ki, Rüstəm müəllim, görürsüz də bu Tariyeli, məni bəyənmirdi, mən onu sevirdim, o isə mənə məhəl qoymurdu. Rüstəm müəllim də zarafatı davam etdirərək dedi ki, Tariyel müəllim, mən sizin zövqünüzə şübhə edirəm - belə gözəl xanımı necə bəyənməmək olar? Mən də zarafatdan qalmayaraq cavab verdim ki, Rüstəm müəllim, siz yəqin "Liftçi qız" filminə baxmamısız, Xuraman xanım orada qətiyyən yaraşıqlı deyildi, mən isə çox yaraşıqlı oğlan idim, o vaxt onu necə bəyənəydim? Gülüşdük... Xuraman xanım xətrini çox istədiyim, hörmət etdiyim insanlardan biridi. Ünsiyyətimiz kəsilməyib, vaxtaşırı zəngləşirik, bir-birimzdən xəbər tuturuq".
Tariyel müəllim deyir ki, Nəriman obrazı ilə bağlı heç vaxt heç kimdən tənqidi fikir eşitməyib, amma özü o rolunu canlandırma səviyyəsindən narazıdı, hesab edir ki, yaxşı oynamayıb Nərimanı, sadəcə, yaxşı, yaraşıqlı gənc oğlan kimi görünüb ekranda. Biz də etiraf etdik ki, doğrudan da, Nəriman obrazının Tariyel Qasımovun ifasına aid tənqidi qeydimiz yoxdu və belə bir qeydlə də rastlaşmamışıq.
T.Qasımov:
"Kinoda ilk təcrübəm idi... Amma Xuraman xanım, maşaallah, elə bil anadangəlmə aktrisa idi, çox təbii ifa edir rolunu. Filmin süjeti çox maraqlıdı təbii ki - iki gəncin məhəbbəti, bir-birlərini və özlərini tanımalarının ekran həlli bütün dövrlər üçün aktual məzmundu... İlk dəfə Məmmədrza Şeyxzamanov (bu sənətkarın filmdə canlandırdığı Rəssam obrazını Həsən Seyidbəylinin proobrazı da hesab etmək olar - S.B.) kimi dahi aktyorla eyni çəkiliş meydançasında işləmək böyük şərəf və məsuliyyət idi. Dubllar kifayət qədər olurdu. Lalə ilə Nərimanın küçədə rastlaşıb bir-birinin yanından ötərkən Nərimanın dönüb ona artıq tamam başqa, vurğun nəzərələrlə baxması epizodu çəkiləndə 39 dərəcə qızdırmam var idi, yayın günü qrip olmuşdum, o halda obraz haqqında düşünmək çox çətin idi. Başda Rüfət müəllim olmaqla, bütün yaradıcı heyətə minnətdəram ki, mənə inandılar, mən də onların etimadını əlimdən gələn qədər doğrultmağa çalışdım".
"...Kino aktyoru olmaq o qədər də çətin iş deyil..."
Tariyel müəllimin söhbətindən bəlli oldu ki, Lalənin çalışdığı liftin sərnişinləri olub onu öz ifaları ilə valeh edən musiqiçi gənclərin obrazını canlandıranlar hansısa dərnəyin üzvləri olan adi gənclər imişlər, fonoqramla səslənən isə "Qaya"nın mahnısıdı.
T.Qasımov:
"İlk epizodum avtobusda gedəndə Lalə ilə rastlaşdığımız məqamdı. Həmin epizod "Azneft" meydanı ərazisində çəkilib. Liftin içi kinostudiyanın pavilyonudu, doğruçu lift deyil, liftin çıxışını əks etdirən epizodlar isə əvvəlki "Naxçıvan", indiki "Hyatt Regensy" mehmanxanasında çəkilib. Kino bileti ilə bağlı situasiyadan sonra Nərimanın Lalə ilə rastlaşdığı və oğlanın qızı səslədiyi epizod isə aeroportda lentə alınıb.
(Yarızarafat, yarıciddi əlavə edir) Kino başdan-ayağa belə kələklərlə doludu...Mən həmişə deyirəm ki, kino aktyoru olmaq o qədər də çətin iş deyil. Bir halda ki, təsadüfi bir adamı hansısa rola çəkib ekranı ona həvalə etmək mümkündüsə, o sənətdə nə çətinlik ola bilər?"
Samirə Behbudqızı
Milli.Az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре