Fatimə: "Diri qurbağanı qoydular üstümə..." - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
Day.Az rəqqasə Fatimə Fətəliyevanın lent.az-a müsahibəsini təqdim edir.
- Rəqs məktəbi və gözəllik salonu işinizi genişləndirmisiniz. Bir çox xanım, xüsusən tanınmış simalar vaxtının çoxunu gözəllik salonlarında keçirir. Siz həm də bundan azad olmaq üçün belə bir biznesə başladınız?
- Hər gün işlə bağlı, sənətim tələb etdiyi üçün istər-istəməz gözəllik salonlarına gedirdim. Həm maddi, həm mənəvi baxımdan çətin olurdu. Sonra düşündüm ki, özümün belə bir məkanım olsa, hərtərəfli mənə sərf edər. Elə yaşadığım ünvanda belə bir yer açdıq. Əslində əvvəlcə yalnız rəqs məktəbi açmaq istəyirdim. Məkan geniş oldu, bu boş yerdən səmərəli istifadə edərək, gözəllik salonu da yaratdıq.
- Özünüz gözəllik salonunun bütün xidmətlərindən hər gün istifadə edirsiniz?
- Demək olar ki, hə. Vizajistim Günay xanım deyir ki, başqası bu qədər makiyaj etsəydi, dərisi çoxdan korlanardı. Amma mənim tez-tez kosmetoloqa getməyə heç vaxtım yoxdur. 38 yaşım var. İstər-istəməz yorğunluqdan üz cizgilərimdə problemlər yaranır. Xanımlar belə şeylərə diqqət yetirməlidirlər. Mənim buna vaxtım yoxdur. Sonuncu dəfə kosmetoloqa 9-10 ay əvvəl getmişəm. Sadəcə olaraq tez-tez maskalardan istifadə edirəm.
- Cavanlaşma və digər estetik-kosmetoloji prosedurlar etdirmək fikriniz varmı?
- Botoks, dolğu və digər estetik-kosmetoloji prosedurlara pis baxmıram, amma miqdarında. Bəzi xanımların bu prosedurlara heç ehtiyacı yoxdur. Amma bir çoxları özlərini elə görünüşə salırlar ki, hamısı bir-birinə oxşayır. Çünki botoksdan çox istifadə edirlər, üz şişir, gözlər dəyişir, insanın öz təbii üz cizgiləri tanınmaz hala düşür. Mən bunun əleyhinəyəm. Amma əlbəttə ki, xanımlar özlərinə qulluq etməlidirlər. Təəssüf ki, son zamanlar özümə vaxt ayıra bilmirəm. Nə olsun rəqs edirəm? Rəqs də bir idman, sağlamlıqdır. Buna baxmayaraq, rəqqasə gərək başqa idmanla da məşğul olsun. Üzgüçülük mütləq lazımdır. Üzgüçülüklə məşğul olurdum. Amma bir müddətdir ki, ara vermişəm. Hiss edirəm ki, bədənim boşalır. Çünki rəqs insanın bədənini yumşaldır. Düzdür, klassik rəqs bədəni bərkidir, əsas da ayaqları. Ayaqlarım idmançı ayaqlarına oxşayır, əzələlidir, bərkdir. Əllərim, qollarım isə yox. Ona görə də mən gərək başqa bir idmanla da məşğul olum. Son zamanlar özümü unutmuşam. Səhər açılır, ancaq axşamkı məclisə hazırlaşıram.
- Məkana rəhbərlik etmək sizi yaradıcılıqdan uzaqlaşdırmır? Üstəlik, toy məclisləri də var.
- Qızlara deyirəm ki, idarəçilik gözəl işdir. Amma həm də ağırdır. İlk növbədə məsuliyyətdir. Hər bir işi öz çiyinlərinə götürürsən və hər kəsə görə məsuliyyət daşıyırsan. İnsanlarla işləmək çətindir. Hər kəsin psixologiyası fərqlidir. Həm işçiləri idarə etməlisən, həm müştəri məmnuniyyətinin qayğısını çəkməlisən. Əvvəl məni yalnız rəqqasə kimi dəvət edəndə səhnəyə çıxıb rəqsimi edib, qonorarımı alıb, çıxıb gedirdim. Amma indi qonorarı da özüm danışıram, müştərilərlə də özüm maraqlanıram. Bütün istəklərini yerinə yetirməliyəm. Həm aparıcılıq, həm rəqqasəlik edirəm, üstəlik oxumaq, oynamaq, məkanın dekoru, şousu, musiqiçilər, foto, kamera məsələləri ilə maraqlanmaq. Məclisin yeməyindən və məkandan başqa bütün məsuliyyət mənim üzərimdədir. Müştərinin istəklərindən biri olmasa, artıq narazılıq yaranır. Bunların hər birinə görə stress keçirirəm. Bu stress mənə mənfi təsir edir. Elə anlar olur ki, stressdən, gərginlikdən ağlayıram.
- Pis deyil ki. Bütün sahələrdə peşəkarlaşırsınız.
- Rusdilli məktəbi bitirmişəm. Heç zaman düşünməzdim ki, Azərbaycan dilində aparıcılıq edərəm. Bunun üçün ədəbiyyatı, folkloru bilmək lazımdır, yeri gəldikdə şairlik etməlisən, poeziyadan, adət-ənənədən danışmalısan. Ancaq insan həyatda nə istəyirsə, nail ola bilər. Düzdür, deyə bilərsiz ki, mən bunu pula görə edirəm. Amma hər şey pulla ölçülmür. Pul gəldi-gedərdir. Rəqs başqa, o özü də bir gözəllikdir. Səhnədə oynayanda heç kimlə ünsiyyətdə olmursan, yalnız öz daxili aləminlə, bədəninlə əlaqədə olursan. Amma məclis aparanda hər kəslə ünsiyyətdə olmalısan. Çox zaman məclisə gələndə xanımlar mənə başqa cür baxırlar. Elə bil deyirlər ki, "yenə bu gəldi?!" (gülür). Məni çox zaman özündənrazı bilirlər. Amma 1 saatdan sonra hamısı ilə ana-bacı oluruq. İncəsənətdə ilk növbədə insanlıq olmalıdır. İncəsənət aləmində insanlığını itirdinsə, sevgi qazana bilməyəcəksən. Demirəm, hamı məni sevir. Amma çoxlarının sevgisini qazanmışam. Xalqımız sayəsində çörək qazanırıq, nəyəsə nail oluruq. Xalqımız məni sevməsəydi, bir divar da tikə bilməzdim.
- Gözəllik salonu özünüzə məxsus olduğu üçün, yəqin ki, gözəl görünmək üçün pul xərcləmirsiniz.
- Əksinə, salon işlətmək daha çox pul tələb edir. Bunun içinin mebelləri, avadanlıqlar, kommunal xərcləri, işçilərin maaşı var. Qıraqdan baxan deyir, hər şey bəxtəvərin əlinin altındadır. Amma elə deyil. Bu işi boynuma götürdüyümə görə peşman deyiləm. Axıra qədər də aparacam. Allah mənə nə qədər güc veribsə, bu işi davam etdirəcəm. Əsas odur ki, nə qədər insan buradan çörək pulu qazana bilir. Buna çox sevinirəm.
- Ümumiyyətlə, pulu ən çox nəyə xərcləyirsiniz?
- Əvvəllər pulu ən çox geyimə xərcləyirdim. Amma indi qarderobum boşdur. Çünki qızımın əlindən özümə heç nə ala bilmirəm (gülür). Bu gün alıram, sabah məndə olmur. Hazırda ən çox ziyafət, milli və rəqs geyimlərinə pul xərcləyirəm. Hərdən onlara baxıb pis oluram. Öz-özümə deyirəm ki, ayağa durub sənətimlə, rəqsimlə məşğul olmalıyam, yaradıcılığıma pul xərcləməliyəm. Bu da olacaq. Məhərrəmlikdə məclislər olmadığı üçün bütün gücümü yaradıcılığıma verəcəm. Qarderobumu da dəyişəcəm.
- Qızınızla geyimləriniz, zövqləriniz uyğundur?
- Onun əlindən mən heç nə ala bilmirəm. Bircə ayaq ölçülərimiz eyni deyil. Mən 36, o 38 ölçü geyinir. Bəzən ayaqqabılarımı da geyinməyə cəhd edir. İdman üslubunda olan geyimlərimi tapa bilmirəm. Ona görə də hərdən evdə dava düşür (gülür).
- Bir dəfə əyninizdəki geyimi hesablamışdılar. Ətək, kofta, aksessuarlar kifayət qədər məbləğ etmişdi. Bu, nə dərəcədə realdır?
- Ola bilər, üzərimdə olan qızıl əşyaları qiymət baxımından yüksək olub. Amma yalan deməyəcəm, brend geyinmirəm. Gedim əsl "Versace" alım, "Armani"dən geyinim, belə şeylər yoxdur. Eynəyim brend ola bilər. Bir neçə bahalı ayaqqabım var. Amma paltara çox pul versəm, ürəyim partlayar. Çünki onu 2 dəfə geyinib qırağa atacam. Elə bil ki, həmin pulu itirdim. Onun əvəzinə həmin pulu elə şeyə xərcləyərəm ki, tamaşaçı da, özüm də zövq alaq. İncəsənət aləmində elə insanlar var ki, bahalı geyinirlər. Onların özlərini danlayıram ki, sabah yaşlanacaqsan, paltara bu qədər pul xərclədiyin üçün peşman olacaqsan. Ondansa qızıl al, övladına gün ağla. Çünki adam bilmir sabah başına nə gələcək.
- Qadınlar ətirlərə də çox pul xərcləyirlər.
- Ətir mənim xəstəliyimdir. Uzaqdan gələndə ətrimin qoxusundan bilirlər ki, Fatimə gəlir. Ətirlərim hər zaman bahalı olub. Heç vaxt qramla ətir almamışam. Ətrim çoxdur. Hər ətri vurmuram. Amma mənə uyğun ətir hədiyyə edəndə sevinirəm. Ətir hədiyyə etməyi də bacarıram. Özümə layiq ətir alıb hədiyyə edirəm. Əsasən Şərq, ərəb üslubunda olan ətirləri sevirəm, çünki qalıcı olur. Hazırda vurduğum ətrin 300-400 manat qiyməti var.
- Ən bahalı geyiminiz, aksessuarınız hansı olub və neçəyə almısınız?
- Min manata uzunboğaz çəkmə, 400-500 manata eynək almışam. Amma son zamanlar belə bahalı şeylər almıram. Geyimə qarşı çox həvəsdən düşmüşəm. Uşaqlar balaca olanda özünü, böyüdükcə onları düşünürsən. Qızım artıq bu gün-sabah ailə quracaq, 21 yaşı var. Həyatda ən böyük varlıq övladdır. Mən övladlarım üçün yaşayıram. Boş vaxtımı ancaq onlara sərf edirəm. Onlara çox bağlıyam. Qızım da rəfiqəmdir. Hərdən mənə "mama" deyəndə əsəbləşirəm. O da mənim kökəlməyimi, "mama"lara oxşamağımı istəyir. Deyirəm, Aydan, sən bunu görməyəcəksən. Onun yanında çox balaca görünürəm (gülür). Deyirəm, əksinə, qürurlan ki, sənin belə anan var.
- Geyimdə öz zövqünüzə güvənirsiniz?
- Yox. Salonda işçimiz var, ona həmişə deyirəm ki, sadə geyinirsən, amma qəşəng görünürsən. Məndə bu alınmır. Axşam şahzadə oluram. Səhərlər isə işə nə gündə gəlirəm, onu gərək görəsiniz (gülür). Ev geyimində, idman üslubunda. Gündəlik həyatda məni dikdaban ayaqqabıda görə bilməzsiniz. Mənim üçün gündəlik rahat idman geyimi, yüngül kofta, cins şalvar bəs edir. Evdə, bəlkə, 100 dənə çantam var. Amma hazırda götürdüyüm çantanı 3 aydır daşıyıram, dəyişmirəm. Heç geyimimlə də uyğun deyil (gülür). Çünki çox rahatdır.
- Elədirsə, geyim məsələsində kiminlə məsləhətləşirsiniz?
- Aydanla. Qızım çox zövqlüdür. İndikilər bizim kimi deyil, zəmanə uşaqlarıdır. Ziyafət, məclis geyimlərinə zövqüm var. Amma gündəlik geyimə yox.
- Geyimin, görünüşün ayrılmaz bir hissəsi də aksessurlardır. Rəqs zamanı bol istifadə edirsiniz. Bəs gündəlik həyatda necə?
- Rəqs zamanı da, gündəlik həyatda da aksessuarlardan istifadə edirəm. Üzərimdə hər zaman sırğa, saat, boyunbağı olur. Zinət əşyalarını sevirəm. Əvvəl sevmirdim. Amma yaşlandıqca qır-qızıla marağım artır.
- Söhbətlərimizdən birində səhhətinizdən şikayətlənmişdiniz. İndi özünüzü necə hiss edirsiniz?
- Hələ də səhhətimdə problemlər var. Stressdən zob əmələ gəlib. Türkiyədə də müayinə olundum. Eyni diaqnoz qoyuldu. Həkimlər buna yaxşı baxmasalar da, iynə-dərmanla müalicə etdirmədim. Çünki dərman hormonal dəyişiklik edərdi, kökələrdim. Türkəçarə üsulla - qurbağa ilə müalicə olunuram. Çox da xeyrini hiss edirəm, yaxşı olmuşam. Hətta məsləhət verərdim ki, bu müalicə üsuluna müraciət etsinlər. Diri qurbağanı qoyurlar zob olan yerə, qurbağa oturur orada. Bütün zəhəri çəkir canına. Bu müalicəni edən adam Göyçaydadır. Məni burada evimdə müalicə edir. Artıq 2 dənə qurbağa ölüb. Çünki zəhəri çəkib özünə. Bu, əslində yapon müalicə üsuludur. Düzdür, həkimlər buna savadsızlıq kimi baxır, amma fakt odur ki, mən bunun yaxşı nəticəsini görmüşəm. Əvvəllər ürəyim sürətlə çırpınırdı, hər zaman gərgin olurdum, sanki havam çatmırdı, kimsə nəsə deyən kimi ağlayırdım. Demə, hamısı zobun fəsadları imiş. Artıq bu əlamətlərin hamısı keçib gedib.
- Yeməklə aranız necədir, pəhriz saxlayırsınız?
- Hərdən pəhriz saxlayıram. O qədər yeyirəm ki... Əsasən çığırtma plov sevirəm. Şirniyyat zəif yerimdir. Mənim bir tərəfim lənkəranlıdır. Anam elə yeməklər bişirir ki, evə girəndə iy vurur, yeməyə bilmirsən. Əgər rəqs olmasa, kökələrəm. Bizdə nəsillikcə kökəlməyə meyllilik var. Hazırda 57 kiloyam. 59 olan kimi ağzımı bağlayıram. Artıq rəqs dərslərim də başlayır. Yenə enerjimi rəqsə verəcəm, arıqlayacam.
- İçki ilə aranız necədir?
- Spirtli içki dilimə də dəyməyib. Çayı sevirəm. Hər zaman su içirəm. Əvvəllər içmirdim. Bir dəfə Mətanət İsgəndərli əlimi tutdu, dedi, dərin çox qurudur, su içmirsən. O gündən sonra su içirəm. Gün ərzində 3-4 litr. Türk qəhvəsi də sevirəm. Onun qarşısında dayana bilmirəm.
- Mətbəx işlərində əl qabiliyyətiniz necədir?
- Axırıncı dəfə nə vaxt mətbəxə girdiyim yadımdan çıxıb. Deyirlər, əlimin duzu var. Amma mətbəx mənlik deyil. Çox yoruluram. Mətbəxlə də məşğul olsam, məndə can qalmaz ki.
- Yayda Amerikaya getmişdiniz, sonra Türkiyədə oldunuz. Ümumiyyətlə, xarici ölkələrə tez-tez gedirsiniz. Nə almadan gəlmirsiniz?
- Geyim. Xüsusən də ziyafət geyimi almasam, gəlmərəm. Bir də mütləq Hüseynə geyim almalıyam. Çünki ən əsas odur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре