20 Yanvar qırğınında erməni əli və ya Moskvaya 20 Yanvar tapşırıq-mesajı hələ bir həftə əvvəl Yerevandan verilmişdi

Day.Az представляет новость на азербайджанском языке

Qanlı 20 Yanvar ərəfəsində daşnakların parlament səviyyəsində "hiyləgərlik diplomatiyası" yalanı M.Qorbaçova həqiqət kimi təqdim etməyi bacarmışdı. Lakin o zaman sayıq və tədbirli olmağı bacarmayan Azərbaycan rəhbərliyi, onun "diplomatiyası" hətta xalqımızın başına gətirilən ağır faciə və müsibətləri - acı, dəhşətli həqiqətləri belə həqiqət kimi tanıda biməmişdi.

...Həmin dəhşətli qırğının baş verə biləcəyini ən pis, pessimist ehtimalla belə düşünmədiyimiz ərəfədə rəsmi Bakı arxayınçılıqla, anlaşılmaz bir xülya ilə "möcüzə" gözləməkdə idi. Yerli hakimiyyət belə bir qənaətdə idi ki, Moskva hökmən Ermənistana, Yerevana qoşun yeridəcək. Çünki Dağlıq Qarabağ ətrafında hadisələr elə gərgin şəkil almışdı ki, nəinki mərkəzdə, hətta Ermənistanda da bunun qaçılmaz olduğunu düşünənlər az deyildi. Belə ki, 1989-cu ilin son və 1990-cı il yanvarın ilk günlərində ermənilər Qarabağda yalnız azərbaycanlılara deyil, sovet-rus hərbçilərinə qarşı da hücum və təxribatları xeyli genişləndirmişdilər. Erməni faşistləri tərəfindən həmvətənlərimizlə yanaşı, rus hərbçilərinin girov götürülməsi, amansızcasına qətlə yetirilməsi, kəndlərimizin dağıdılıb-məhv edilməsi, həmvətənlərimizə vəhşicəsinə divan tutularaq öldürülməsi, diri-diri yandırılması, mühüm obyektlərin, o cümlədən dəmir yollarının, körpülərin partladılması və s. hallar artmış, Ermənistanda və Qarabağda ruslara, Kreml rəhbərliyinə qarşı etirazlar, ixtişaşlar daha da güclənmişdi.

Ermənilər Dağlıq Qarabağın Azərbaycandan "alınıb" Ermənistana verilməyəcəyi təqdirdə Moskvanı SSRİ-nin tərkibindən çıxmaqla hədələyir, hətta bunun nümayişkaranə təsdiqi olaraq "Hayastan"ın Amerikanın yeni - 51-ci ştatı kimi qəbul edilməsi üçün ABŞ Prezidentinə müraciət də etmişdilər (hiyləgərliyə, "sabunsuz" diplomatiyaya bir baxın! Bu, ancaq xəyanətkar və hiyləgər erməni düşüncəsinin "bəhrəsi" ola bilərdi. SSRİ tərkibindən ayrılmaq istəyən, müstəqillik uğrunda mübarizə aparan heç bir digər xalqın - nə litvalıların, nə estonların, nə də biz azərbaycanlıların, hətta daha radikal olan gürcülərin də ağlına belə bir "orijinal ideya" gələ bilməzdi).

Bəs nə üçün ermənilərin özlərinin də sovet qoşunlarının Yerevana hücumunu gözlədiyi halda birdən-birə hər şey gözlənilənlərin əksinə olaraq məhz onların xeyrinə, Azərbaycanın isə növbəti dəfə faciəsinə səbəb olan tamam başqa xarakter aldı - qoşun Yerevana yox, Bakıya yeridildi?!

O zaman daşnakların 1988-ci ilin fevralında "uğurla" sınaqdan keçirdikləri "Sumqayıt ssenarisi" 1990-cı ilin ilk günlərində Bakıda da tətbiq olunmuşdu. Çünki Sumqayıtda olduğu kimi, Bakıda da həmin günlərdə gəncləri ermənilərə divan tutmağa, "qisas" almağa səsləyən neçə-neçə "qara plaşlılar" - erməni emissarları peyda olmuşdular. Azərbaycanca sərbəst danışan (onlar Bakı erməniləri olan daşnaklar idi) həmin "qara plaşlılar" gənclərimizi ermənilərə qarşı barışmaz olmağa çağırır, qətllər törətməyə, onları paytaxtdan qovmağa sövq etməyə çalışırdılar. Ermənilər Moskvanı bu hadisələri azərbaycanlıların törətdiklərinə inandıra, bunu mətbuatda kütləviləşdirməyə, siyasiləşdirməyə, dünya ictimai fikrini öz mənafeləri naminə dəyişdirməyə nail ola bildilər. Bizim o zamankı "durbinsiz diplomatiyamız"ın uzaqgörməzliyi, vətənpərvərlik ideyası ilə deyil, "qoz-fındıq" düşüncəsi ilə hərəkət edən respublika rəhbərliyinin siyasi diletantlığı, yalançı, həm də yabançı "kosmopolitizmi", loyallığı şəraitində bu, ermənilər üçün heç bir çətinlik törətmirdi.

1987-1990-cı illərdə mən Azərbaycan KP MK-nın "Vışka" qəzetinin Naxçıvan muxtar respublikası və Dağlıq Qarabağ üzrə xüsusi müxbiri işlədiyimdən ermənilərin niyyətlərini və bizim haqqımızda fikirlərini öyrənmək, Qarabağ "münaqişə"si ilə bağlı onların, həmçinin Moskva jurnalistlərinin yazılarını izləmək məqsədi ilə o zaman Rusiyanın "Pravda", "İzvestiya", "Trud" qəzetləri ilə yanaşı, Ermənistanın rusca nəşr olunan "Kommunist" qəzetinə də abunə yazılmışdım. Bu qəzetin 1990-cı il 14 yanvar tarixli nömrəsinə nəzər yetirərkən ermənilərin Qarabağ məsələsində nə dərəcədə tədbirli olduqlarına, saxtakarlıq "dühalarına" heyrətlənməklə yanaşı, onlara hələ qədim dövrlərdən xas olan saxtakarlıqlarını nədənsə bu dəfə böyük bir "səhv"ə yol verərək gizlədə bilmədiklərini, özlərini açıq-aydın ifşa etdiklərini, yırtıcı, iblis maskalarının arxasında necə gizləndiklərini görə bildim. Yol verdikləri həmin səhvlə onlar bizə - Azərbaycana dünyaya danılmaz bir şəkildə bəyan edə bilməyimiz üçün nə cür "nadir bir şans" verdiklərini, çox qəribə də olsa, nədənsə ağıllarına gətirməmişdilər. Bəlkə də sonradan duyuq düşmüşdülər, erməni imicinə (əslində - murdar xislətinə) zərbə vurmuş qəzet redaktorunu və məsul katibi "erməniliyə yaraşmayan" siyasi səhlənkarlığa görə işdən də çıxarmışdılar. Ancaq bu, doğrudan da ermənilərin sayıqlığı əldən verdikləri çox nadir bir haldır.

Məsələ ondadır ki, qəzetin həmin nömrəsinin eyni səhifəsində, lap yuxarı hissəsində əsas informasiya olaraq SSRİ-nin satqın rəhbəri, başıbəla, xəyanətkar M.Qorbaçova ünvanlanmış rəsmi müraciətdə Ermənistanın 11-ci çağırış Ali Sovetinin sessiyasının "işində" fasilə verilməsi erməni hiyləgərliyi ilə, saxtakarlıqla bir cür yozulur, sessiya haqqında elə həmin səhifənin aşağısında dərc olunmuş rəsmi məlumatda isə tamam başqa cür - olduğu kimi əsaslandırılırdı.

"Armenpress"in rəsmi informasiyasında sessiya haqqında məlumatın sonunda qeyd olunur ki, deputat komissiyalarının "bəzi məsələlər" üzrə hazırlıq işlərinə yekun vurulması, Ermənistan SSR-in konstitusiyasına dəyişiklik edilməsi üçün təkliflərin hazırlanması məqsədilə Ermənistan SSR Ali Sovetinin sessiyasında fasilə elan edilmişdir. Həmin informasiyada Qarabağ və Ermənistan-Azərbaycan münasibətləri barədə bircə kəlmə də işlədilməmişdir.

Lakin bunun tam əksinə olaraq keçmiş SSRİ Ali Sovetinin bədnam sədri M.Qorbaçova ünvanlanmış müraciətdə Bakıda, eləcə də keçmiş Xanlar rayonunda, Azat, Getaşen və Kamo kəndlərində guya ermənilərin qırğınlara məruz qaldığı əsas gətirilərək, Ermənistan Ali Sovetinin sessiyasının öz işini dayandırmağa məcbur olduğu iddia edilir. Sonra da M.Qorbaçovdan "ermənilərin təhlükəsizliyinin təmin edilməsi, katastrofik nəticələrin baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görülməsi" xahiş edilir. Bu, dövlət səviyyəsində, açıq-aşkar bir saxtakarlıqla Ermənistan SSR Ali Soveti tərəfindən edilən və təəssüf ki, təsirsiz ötüşməyən bir təklif olmuşdu.

Budur erməni hiyləgərliyi, analoqu olmayan erməni saxtakarlığı! "Katastrofik nəticələrin baş verməməsi" deyəndə, heç şübhəsiz ki, ermənilər də, elə M.Qorbaçov özü də bunun ermənilər üçün baş verməməsini nəzərdə tuturdular. Yoxsa, anormal yox, normal bir dövlət başçısı bütün varlığı-yoxluğu yalan, saxtakarlıq, yaltaqlıq və qeyri-ermənilərə qarşı qətl və təxribatdan ibarət olan nankor, satqın ünsürlərə görə Bakı kimi qədim, beynəlmiləl bir şəhərə qoşun yeridib, onun günahsız oğul və qızlarını al qanına qəltan edərdimi, guya qarşısını almaq istədiyi "katastrofik nəticələrin" daha ağır və daha "katastrofik", dəhşətli formada baş verməsinə yol verərdimi?!

Qəzet 14 yanvar 1990-cı il tarixli olsa da, təbii ki, çapa bir gün əvvəl - ayın 13-də hazırlanmışdı və köməkçisi keçmiş Bakı ermənisi G.Şahnazarov olan M.Qorbaçova da elə həmin gün çatdırılmışdı. Məhz o gündən etibarən, ermənilərin xahiş etdikləri kimi - "təxirə salınmadan" Bakıya hücum hazırlığına başlanılmışdı. Qarşıdakı 6-7 gün bunun üçün kifayət idi və yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan paytaxtında dəhşətli qırğın törədildi.

...Bu, növbəti qırğın idi. Qədim yurd yerlərimiz Göyçə və Zəngəzurdan, Əskərandan başlayaraq, Bağanis-Ayrımda, Əskiparada, Daşaltıda, Malıbəylidə və neçə-neçə el-obamızda respublikamızın bacarıqsız, Moskva qarşısında mütilik göstərən o vaxtkı qorxaq rəhbərlərinin qətiyyətsizliyi, prinsipsizliyi, xalqa xəyanətləri üzündən baş vermiş müdhiş bir qırğın...

Ermənilər 20 Yanvar faciəsinin təşəbbüskarları olduqlarını heç zaman inkar edə, qətiyyən dana bilməyəcəklər. Çünki Ermənistan "Kommunist"inin 14 yanvar 1990-cı il tarixli nömrəsi əsrlər boyu davam edən erməni riyakarlığının, saxtakarlığının inkaredilməz dəlil-sübutu kimi arxivlərdə qalmaqdadır.

AZƏRTAC

Rəhman Orxan

Azərbaycanın Əməkdar Jurnalisti

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Day.Az представляет новость на азербайджанском языке