Azərbaycan və Özbəkistan birgə investisiya fondu yaradacaq
Layihələrin icrası üçün Azərbaycanla birgə investisiya fondu yaradılacaq.
Day.Az xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən bildirib.
"Bizim görüşümüz ərəfəsində səmərəli biznesforum keçirilib, yarım milyard dollardan yuxarı həcmdə investisiya sazişləri və ticarət müqavilələri paketi imzalanıb. Onların arasında neft-qaz, neft-kimya sahələrində, energetika, əczaçılıq, tikinti materialları istehsalı, şərabçılıq, yeyinti, toxuculuq məhsullarının və zərgərlik məmulatlarının istehsalı üzrə perspektiv layihələr mövcuddur. Ələt Azad İqtisadi Zonasının bazasında sonradan Avropa İttifaqı bazarlarına çıxmaqla layihələrin icrası üçün imkan var.
Həmçinin, razılığa gəldik ki, layihələrin icrası üçün birgə investisiya fondu yaradılacaq, artıq növbəti ayda onların sürətli həlli üzrə proqram tədbirlərinin qəbul edilməsi üçün hökumətlərarası komissiyanın iclası təşkil olunacaq.
Hörmətli nümayəndə heyətinin üzvləri, nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığımız strateji xarakter daşıyır. Biz Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik. Bu, xüsusən, ərzaq və sənaye mallarının tranziti məsələlərinə aiddir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре