Bakı istiləri: babalarımız bürküdən necə xilas olurdular?

Day.Az предоставляет вниманию читателей материал на азербайджанском языке.

Əsrlərdir ki, Xəzər sahilindəki məkanlarda yay günləri isti və bürkülü keçir. Əcəba, qədimlərdə insanlar bürkü və istilərin öhdəsindən gəlmək üçün nə edirdilər?

Havaların isti keçməsindən narahat olanlar, şikayətlənənlər və çıxış yolu arayaraq ən müxtəlif vasitələrə əl atanların sayı bilinmir. Avqustun ilk həftəsi olduğundan, Bakıda, Abşeron yarımadasında və ümumiyyətlə, Azərbaycanın əksər bölgələrində günlər çox isti keçir, gecələr isə gec saatlarda sərinləşməyə başlayır. İsti havada isə çağdaş insanın sərinləşmə vasitələri kondisionerlər və sərinkeşlərdir.

Şikayətlənir, tərlədikcə deyinir, bu istilərin nə zaman bitəcəyini müzakirə edirik. Fəqət, bir anlığa düşünün: kondisioner, sərinkeşlər, sərinləşdirici içkilər olmadığı dönəmlərdə, əsrlər əvvəl insanlar nə ediblər, hansı yolla sərinləşiblər, bürkü və isti havalarda necə davranıblar?

"İstilərin qövr etdiyi bir zəmanədir ki..."

Azərbaycanın digər məkanlarından fərqli olaraq, Bakı və şəhərin yerləşdiyi Abşeron yarımadası binayi-qədimdən yay fəslində bürküləri ilə seçilib.

"Qədimlik" deyəndə ki, ən əski dövrləri nəzərə almırıq. O dönəmlərdə, yəni ibtidai icma quruluşu vaxtlarında Abşeron yarımadası sıx meşəliklər, şəlalələr, yamyaşıl çəmənliklərdi. Eramızdan təxminən 7-6 min il əvvəl indiki Qobustan qayalıqlarının içi və ətrafı sıx meşəliklər idi. Meşələr ta Xəzər sahillərinədək uzanır, ən müxtəlif heyvanların yaşadıqları yer təki insan üçün təhlükəli məkan idi.

Abşeron meşəliklərində bizonlar, qılıncdişli pələnglər, indiki qurdların ulu babaları olan nəhəng canavarlar - bir sözlə, yüzlər və minlərlə növdə vəhşilər yaşayırdılar.

Təbii ki, həmin vaxtlarda Abşerondakı istilər və bürkülərdən söhbət belə, gedə bilməzdi.

Lakin zaman keçdi, eramızın ilk əsrlərindən başlayaraq Abşeronun təbiəti və iqlimi dəyişməyə başladı. Əsrlər bir-birini əvəzlədikcə, Abşerondakı meşələr yoxa çıxdı, qalan qumsallıqlar, dərin erroziyaya uğramış torpaq örtüyü, qayalıqlar və subkontinental iqlimə yaxınlaşacaq səviyyədəki havalar oldu.

Eramızdan əvvəl 3-cü əsrdə Abşeronda olmuş romalı legionerlər də buraların çox isti olduğunu yazmışdılar. Qədim Roma İmperiyasının Şərq əyalətlərinin prokuratoru Mark Yevsippian prokurator Qay Lusiana yolladığı məktubda Abşerondan belə bəhs edirdi: "İri dənizin sahilində, qumluqlar, daşlıqlar və qayalıqlar arasında bir neçə kiçik kənd var. O kəndlərdən xeyli aralıda isə kiçik, qala divarları əhəngdaşından hörülmüş şəhər yerləşir. Şəhərin insanları atəşpərəstlərdir və onlar oda sitayiş edirlər. Yay aylarında buralar çox isti olur. Fikrimcə, burada düşərgə salmadan irəliləməliyik".

Manna, Midiya və Atropotena dövlətləri dönəmlərində Abşeron iri şəhərlərin məkanı yox, kiçik qəsəbə və qalaların birləşib müdafiə-yaşayış konqlomeratı yaratdığı bir yerdi.

Lakin həmin kiçik yaşayış məntəqələri arasında çağdaş Bakının ilkin forması olan qala-şəhər vardı ki, ətraf yerlərin ən qüdrətli və güclü mühafizə sisteminə malik məntəqə ilə yanaşı, şəhər mədəniyyəti sisteminə malik idi.

Əsrlər keçir, Bakı böyüyür, ətraf kəndlərin bir neçəsini özünə qatır və iri qalaya çevrilir.

Şah İsmayıl Xətai 1501-ci ildə Bakıya hakim olana qədər xeyli irilənmiş şəhər ətraf bölgənin ən iri qalalarından birinə, şah sarayının olduğu yerə dönmüşdü.

Həmin vaxtlarda da Bakı isti məkandı və memarlar da bunu nəzərə alırdılar. Orta əsrlərdəki ənənəvi, aksioma çevrilmiş tikinti qaydaları və texnologiyalarına riayət edən memarlar bununla yanaşı, yerli şəraitlə iqlimi nəzərə alırdılar. Bakı sakinlərini içməli su ilə təmin etmək üçün dərin su quyuları ilə yanaşı, ovdanlar da qazılıb inşa edilirdi. Həmin ovdanların olduğu məkanlara nəzər salanda qədimlərdə Bakıda çalışmış memarların ilk əvvəl iqlimi nəzərə aldıqları bəlli olur.

Məsələn, "Həsənoğlu" və "Şirinsu" ovdanları Bakının ətraf məhəllələrlə müqayisədə nisbətən aşağıda, ovalıqda yerləşən məkanlarında qazılıb tikilmişdi. Bunun da səbəbi isti havalarda həmin məhəllələrin yan-yörədəki yerlərlə müqayisədə daha tez qızıb istilənməsi idi.

Açılmış ovuc

Dəniz sahilində yerləşmiş Bakı unikal landşaft quruluşuna malikdir. Orta əsrlərdə dəniz kənarındakı qalaların tam əksəriyyəti qayalıq, hündürlük və ya təpə üzərində idisə, Bakı qalası qumsallıqda idi.

Venesiyalı səyyah Vinçenso Petroni yazırdı ki, Bakı qalası sanki qədim Troya idi. Çünki Homerin vəsf etdiyi Troya təki, Bakı da üzünü dənizə çevirmiş, arxasındakı ərazini dənizdən gələn təhlükədən qoruyan nəhəng kimi qollarını yana açaraq durmuşdu.

Ümumiyyətlə, Troya ilə Bakının oxşarlıqları çox idi ki, onların arasında bir məqam da qala divarları ilə yanaşı, yaşayış binalarının tikilmə texnologiyası və memarlıq stili idi. İndi belə binalar yalnız Mərakeşdə, Aralıq dənizi sahilindəki Marrakeş şəhərində qalıb. Bakıda və ümumiyyətlə, Abşeron yarımadasındakı evlərin istisnasız olaraq hamısı yastı, düz damlı idi. Bu, bütün Şərqdə yayılmış və bərqərar olmuş texnologiyadır. Məqsəd isə səhər açılandan şər qarışana qədər Günəşin yanıb qarsıdan şüalarının istisini yığan damın şər qarışandan sonra mümkün qədər tez soyuması üçündü.

Yastı damlar tez isindiyi təki, tez də soyuyur və bu səbəbdən də Bakının mərkəzindəki bir evin damı bəzən başqa evin həyəti olurdu.

Eyni zamanda, istilərdən qorunmaq üçün pəncərələrin quruluşu da fərqli idi. Az öncə bəhs etdiyimiz kimi, eynən Mərakeşdəki tikinti stilində olduğu ənənələrə Bakıda da rəst gəlinir.

Bu, Bakıdakı evlərin şimal divarlarında pəncərələrin qoyulmaması, cənub, şərq və qərb istiqamətlərinə baxan divarlarda isə aynaların dar olması ilə bağlıdır.

Üstəlik, bütün Şərq ölkələrində, yəni isti məkanlarda olduğu təki, Bakıda da binaların qapıları tağlı idi. "Bamiyə tağı" deyilən bu stildə qoyulmuş qapılarla yanaşı, pəncərələrin sırf konstruktiv xüsusiyyətləri özündə əxz etdirməsi ilə yanaşı, evin içindəki hava dövranında da ciddi rolu vardı.

Yuxarıya doğru nazilərək ən üst nöqtədə birləşən və ucu dartılmış tağ yaradan qapılarla pəncərələrin aşağısı enli, üst hissəsi isə üçbucaq şəklində daralan olduğundan evdəki isti havanı aşağı hissəsi ilə daha tez buraxır, yuxarı (nazik) hissəsi ilə soyuq havanın əks sirkulyasiyasının qarşısını alır, otaqları sərin saxlayırdı.

Bakıdakı binaların damlarına şalbanlar atılır, onların arası ağacla hörülür, sonra samanla qarışdırılmış palçıq tökülürdü. Hamarlanmış palçığın üzərinə isə yonulmuş daşlar döşənirdi.

Bu minvalla evin damında ikiqat "hava yastığı" yaradılır, isti havalarda təbii sərinləşdirici effekt əldə olunurdu.

Daha dəqiq olsaq, indi soyuq çay və ya maye saxlamaq üçün istifadə etdiyimiz termos effektindən əsrlər əvvəl Bakıdakı binaların tikintisində yararlanırdılar.

İsti nanə, yun papaq, bərk qurşaq...

Bakı əhlinin çaya aludəçiliyini köhnə bakılılar "çayxorluq" və ya "çaynamaflıq" adlandırardılar. İçərişəhərdə əsrlər əvvəl Kərbəlayi Mirzəqulu kişi o qədər çay içərmiş ki, onun adı "Çaynamaf Kəbleyi" qalmışdı və həmin ad nəsildən-nəsilə ötürülüb. İndinin özündə də İçərişəhərin "köhnə camaatı" həmin nəslin mənsublarından bəhs edəndə "alə, didüyün adam çaymanaf Kəbleyigildəndü" söyləyirlər.

Fəqət, çay Azərbaycana gəlməzdən və burada geniş yayılmazdan əvvəl yerli camaat qızmar yay günlərində, istili və bürkülü havalarda sərinləşmək üçün ənənəvi vasitələrdən istifadə edərdilər.

Xanımların əyinlərində geniş ilməli pambıq və kətan parçalardan şalvar, geniş ətəkli tuman (yəni yubka), kətan və ya pambıq köynək, sinəbəndli canlıq, başlarında da kəlağayı və başlıq, küçəyə çıxanda isə çarşab və ya rübənd olardı.

Kişilərə gəldikdə isə, isti havalarda ən yaxşı vasitə yun, kətan və pambıqdan tikilmiş canlıq, şalvar, altlıq, arxalıq və ən əsası - yun papaqdı.

Ötənlərdə kişilər yay ayları başlayan kimi başlarını ülgüclə daz qırxdırar, başlarından da saçaqlı papağı əskik etməzdilər.

Zəngin kişilərin başlarında quzu dərisindən - əksər hallarda "qaragül" - dərisindən papaq, kasıbların başlarında isə saçaqlı motal papaq olardı.

İsti, bürkülü havalarda yun, saçaqlı papaq Günəş şüalarının kəllə dərisinə düşməsinin qarşısını alır, kiçik tər effekti hesabına papağın astarı ilə başın dəri örtüyü arasındakı "hava yastığı" hesabına sərinləşdirici boşluq yaradırdı.

İsti havaların içkilərinə gəldikdə isə, onların arasında sərin su, ayran və süzmə-su qarışığı (ovduq və ya atlama) ilə yanaşı, nanə, reyhan, ayıpəncəsi, qayaotu, əvəlik, kəklikotu və s.-dən dəmlənmiş ot çayı içərdilər.

Əslində, ərəb ölkələrinin istisnasız olaraq hamısında çay indi də populyar deyil: ərəblər qəhvə və nanədən dəmlənmiş çay içməyə üstünlük verirlər.

Bakıda isə çay təxminən 350-340 il əvvəl populyarlaşmağa başlayıb və o vaxtdan bəri qışda hərarət, yayda isə sərinləşmə vasitəsidir.

Yay gecələri, dam və miçətkəndəki ulduzlar

Bakı gecələrinin vazkeçilməz ünsürlərindən biri əvvəllər külafirəngi idi. Əsrlər əvvəldən ta 1970-ci illərədək İçərişəhərdəki evlərin damları yay aylarında yataq məkanı idi. İsti, bürkülü havalarda evdə yatmaq çətin məsələyə çevrildiyindən "köhnə kişi"lər əhli-küyalı ilə birlikdə evin damına döşəklər atdırar, orada yatardılar. Bakılılalırn ağcaqanaddan qorunmaq üçün istifadə etdikləri ən effektiv vasitə miçətkən, ondan əvvəl də kətan parçalar idi. Miçətkənin iri dəliklisinə "cuna" deyilərdi və bu, adi tənzifin bir qədər iri forması idi.

Damdakı belə gecələrdə bakılıların paltar asdıqları ipdən, yəni zivədən istifadə edərək döşəklərin ətrafına perimetr boyunca taxtaların üzərinə çevrə çəkmələri, sonra da zivədən miçətkən asmaları və belə tənzif divarın üstünü də elə həmin miçətkənlə örtmələri sanki ərəb xəlifələri ilə türk sultanlarının yataq otaqlarındakı rəxti-xab idi.

Abşeron kəndlərində isə evlərin üzərində hər tərəfi açıq, yalnız damı olan külafirəngilər tikilərdi: onlar yay aylarında ailənin yatdığı yer idi.

Uşaqların gecədə sərin yatmaları üçün külafirənginin künclərinə iki saxsı kuzələr və ya sərniclərdə su da qoyulardı.

O qablar həm gecə saatlarında uşaq oyananda sərinləşməsi üçün su mənbəyi, həm də yataqdakıların üstündən keçən yeli guya sərinləşdirəcək vasitə idi.

Bürkülü günlərdə Bakıda zənginlərin evlərində ət yeməklərinin sayını azaldar, bunun müqabilində tərəvəz və düyü təamlarının sayı artardı.

Kasıblar üçün mövsümün heç bir fərqi yoxdu: yoxsul nə tapdısa, Allahına şükür edib yeyər, yay və ya qışın əlahiddə mətbəx seçimini etməzdi, edə də bilməzdi.

Sərinləşməyin bir yolu da dənizdi. Bəli, məhz Xəzər - yay günlərində Abşeron və Bakı sakinlərinin dadına çatan nemət.

Orta əsrlərin ta ilkin çağlarından bəri Bakı kəndlərinin əhli dənizdə sərinləyərdi.

Dəniz bu insanlar üçün ruzi, nemət mənbəyi olmaqla yanaşı, bürküdən qurtulmaq üçün xilaskardı.

Bakıda XIX əsrin sonları, XX əsrin əvvəllərinədək dəniz suyu çox təmizdi. Hətta 1912-ci ildə Bakının limanında qayıqların arasında balıq tutmaq geniş yayılmış şakərdi və bu şakərə "mübtəla" olanlar Bakı buxtasından ən müxtəlif balıqlar tutardılar.

Son əvəzi...

Avqustun ilk ongünlüyündə bürkülərdən və istilərdən şikayətlənirik. Amma bu şikayətlər əsrlərdən bəri davam edir, sözlərimizi isə xəzri, meh və gilavar qumsallıqlarla dənizə aparır.

Bakı yaşayanları, yaşayanlar da Bakını sevirlər. Belə olub, belədir və yəqin ki, belə olasıdır...