Qax rayonu: sonu görünməyən meşələr və buz bulaqlar - FOTOSESSİYA

Day.Az представляет вниманию читателей материал на азербайджанском языке.
 

2011-ci ilin Turizm ili elan edilməsi Azərbaycan əhalisinin rayonlara üz tutmasına bir az da təkan verdi. Hər bir rayonumuzun özünəməxsus gözəlliyinin olması sirr deyil. Lakin vətənimizin ucqarında yerləşən Qax rayonu xüsusi gözəlliyə malikdir.

Milli.Az xəbər portalının reportyoru bu gözəlliyi sizlərə nümayiş etdirmək üçün sözügedən rayona üz tütdü. Rayonun gəzib-görməli yerlərini kameranın yaddaşına həkk etməyə çalışdı.

Olduqca qonaqpərvər olan rayon, sonu görünməyən meşələr və buz bulaqlarla zəngindir. Rayonun hansı kəndində qonaq olursan ol, hər kəs "Salam, xoş gəlmisiniz" deyəcək.

58 kənddən ibarət olan rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Qax şimal-şərqdən Dağıstan Respublikası, cənubdan isə Gürcüstan Respublikası ilə həmsərhəddir.

Rayon əsasən şabalıd, qoz və fındıqla məşhurdur. Bol su ehtiyatı olan rayon normal rütubətə malikdir. Qaxın torpağı çox məhsuldardır. Buranın əhalisi əkinçilik və heyvandarlıqla məşğuldur.

Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Qax meyvə-tərəvəz konserv zavodları yeyinti sənayesinin əsas müəssisələridir. Burada istehsal olunan məhsulların xeyli hissəsi başqa rayonlara göndərilir. Yağ-pendir, çörəkbişirmə, spirtli içkilər, Şərq şirniyyatı məhsulları istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Onların məhsulları əsasən yerli tələbatı ödəyir.

Dağlıq ərazidə yerləşməsi, rayona gözəllik verməklə yanaşı, bir sıra problemlər də yaşadır. Belə ki, dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində "çaylar daşıb sel olur".

Rayonun meşələrində bir çox heyvanlara rast gəlmək olar. Burada əsasən ayı, ilan, tülkü var. Müxtəlif quşlar isə buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılıb.

İqtisadi rayon bir sıra faydalı qazıntılarla zəngindir: kükürd, polimetal filizi; dağlıq və dağətəyi yerlərdə, əsasən də çayların gətirmə konuslarında bol çınqıl, qum, gil və başqa tikinti materialları xammalı var.

Rayonun ən gözəl məkanları Qax təbiət abidəsi, İlisu kəndində yerləşən Ram-ramay şəlaləsi (İlisu şəlaləsi), İçəri bazar küçəsi, Qax "Humay bulağı", Qum kəndində yerləşən Alban məbədinin qalıqlarıdır.

Rayonun ən gözəl kəndləri isə Ləkit və İlisudur.