Özünüzü və ətrafdakıları peşman etməyin Day.Az представляет новость на азербайджанском языке.

İnsan var olduğu müddətdən bəri hisslərlə davranmaq və ağılla hərəkət etmək kimi bir-birinə zidd olan anlayışlar da mövcud olmuşdur.

Hisslərə qapılan, onun cilovunu yığmaqda çətinlik çəkən insanların yaratdığı problemlər dövrümüzdə də aktuallığını qoruyur. Qafqaz Universitetinin rəhbərlik və psixoloji məsləhət şöbəsinin müdiri Hüseyin Xəlilov deyir ki, müasir dövrümüzdə bəzi insanlar öz hisslərini cilovlaya bilmədikləri üçün emosional davranırlar: "Bəziləri isə şüursuz, düşünmədən cavab verirlər. Bu insanlar hər cür mənfi və müsbət reaksiyalardan təsirlənə, düşünmədən sərt qarşılıq belə verə bilərlər". Psixoloq əlavə olaraq qeyd etdi ki, bəzən isə tam əksi olur. Yəni, sosial aktiv olmayan insanlar hissi davranışlardan özlərinə qapanırlar, tez-tez məyus olurlar. Hətta hisslərinə qapılaraq ətrafdakı insanları incidə və ya narahat edə bilərlər. Belə insanlar sakit xarakterli olduqları üçün sosial aktivlik göstərsələr daha yaxşı olar".

Hissi davranışlar və intihar

Hüseyin Xəlilovun sözlərinə görə, hissi davranışlar xüsusən özünə qapanan insanlarda daha təhlükəlidir. Belə ki, ani hissə qapanmalar intihara yol aça bilər: "Qeyd edim ki, intiharlar çox vaxt hissə qapanmalardan baş verir. Xüsusən, gənclər bu cəhətdən diqqətli olmalıdırlar. Bunu ona görə deyirəm ki, hisslərə qapanmaq, hissləri ilə hərəkət etmək gənclərdə daha aktual məsələdir. Lakin burda da qeyd etməliyəm ki, sosial aktiv olan gənclərin risk nisbəti digərlərinə nisbətən azdır".

Hissi davranışlar və yalan

Bu cür insanlar həqiqəti deyə bilmirlər, hissləri onlara doğrunu deməyə izn vermir. Xüsusən öz mənafeyini qorumaq üçün yalan danışırlar: "Təkcə yalan danışmaq deyil, həm də hissləri onlara bu yalanları şişirdib deməyi məcbur edir".

Bardağın boş tərəfini görməyin

Hüseyn Xəlilov: "Mən deyərdim ki, dedi qodular, qeybət etmələr birbaşa hissi davranışlardan ortaya çıxır. Məsələn, bir qonşusunu istəməyən adam digər qonşusuna onun haqqında yaxşı fikirlər söyləmirsə, bu bir başa hissi davranışların nəticəsidir".

İş adamları ilə işçilər arasında baş verən münaqişələr də bir çox hallarda hissi davranışlardan qaynaqlanır: "Bunu hər kəsə aid etmək doğru olmaz, lakin bir çox hallarda iş adamları hissi davranışları nəticəsində öz işçilərini tanımaqda çətinlik çəkirlər. Hissə qapılmaq vəzifədən sui- istifadə etməyə gətirib çıxarır, səlahiyyət onun əlində olduğu üçün işçisini dinləmədən işdən azad edir. Belə hallarda ayıq olmaq və işləyən kollekitivi tanımaq çox önəmlidir."

Dünya mütəxəssisləri isə hisslərə qapılaraq ətrafına mənfi enerji ötürən belə insanları "bardağın boş tərəfini görən insanlar" adlandırırlar. Rusiyanın "Qallupe Araşdırma Mərkəzi" 2009-2011 ci illər ərzində "emosionallıq indeksi" adı altında apardığı müşahidələrdə dünya ölkələrində fərqli nəticələr əldə etmişdir. Bu araşdırmaya görə Filippin hisslərinə qapılaraq emosional olan, neqativ düşünən insanların ən çox yaşadığı ölkə olmuşdur.

"Zaman Azərbaycan"