Toylarda kütləvi zəhərlənmələr niyə baş verir? - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bir neçə gün öncə "Niaqara" restoranında kütləvi zəhərlənmə baş vermişdi.

"Paytaxt" salatından zəhərlənən İlkin Həsənov "Qafqazinfo"ya belə demişdi.

Onun sözlərinə görə, tədbirə qatılan 60 nəfərdən 15-16-sı zəhərlənib. Ancaq sonradan, "Niaqara" restoranı açıqlama verdi ki, zəhərlənmədən söhbət gedə bilməz, həmin şəxslərə soyuq dəyib.

Azərbaycan qida zəhərlənməsi xəbəri yeni deyil. Xüsusən də, toyda, nişanda, bayramda kütləvi zəhərlənmə xəbərlərini tez-tez eşidirik. Məsələn, Qubanın Bərqov kəndində keçirilən toy mərasimində qidadan 25 nəfər zəhərlənmişdi. Tərtərin Ələsgərli kəndində, kənd sakini Eldar Əliyevin toy məclisində isə 47 nəfər xəstəxanaya aparılmışdı.

Bundan əlavə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də bir sıra şadlıq evləri və restoranlarda yoxlamalar aparıb və nöqsanlar aşkarlayıb. Bəlkə də, zəhərlənmələrə səbəb də elə bu nöqsanlar olub.

Məsələn, yoxlama zamanı "Lalə" MMC-yə məxsus "Ağ saray" şadlıq sarayında standartların tələblərinin pozulduğu müəyyən edilib. Hazırlanan salatlarda bakteriyalar aşkar olunmuşdu.

"Araşdırma zamanı müəyyən olundu ki, şadlıq sarayındakı zallarda istifadə olunan 14 nəfərlik masa və oturacaqların ölçüləri, onlar arasındakı məsafələr AZS 746-2012 "Şadlıq saraylarının təsnifatı və qaydalar" dövlət standartının tələblərinə uyğun deyil, zalda qonaqların sərbəst hərəkət etməsi və personalın keyfiyyətli xidməti üçün müvafiq şərait yoxdur. Həmçinin müəyyən olundu ki, yeməklərin hazırlanması zamanı sanitariya norma və qaydalara riayət olunmur. İstehlakçılara təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Mətbəxdə mənşəyi məlum olmayan toyuq, bildirçin və balıq məhsulları da aşkar olunub. Şadlıq sarayının anbarında xammalların saxlanma şəraitinə və rejiminə riayət olunmur".

Dövlət Komitəsinin daha bir məlumatında deyilir ki, fiziki şəxs Mircavid Seyidzadəyə məxsus "Park Fore" restoran-kafesində "mimoza" və "paytaxt" salatının, mal ətindən və qoyun ətindən hazırlanmış ət qiyməsinin hazırlanması və satışı qadağan edilib: "Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müxtəlif kulinar məmulatlar və yarımfabrikatlar QOST 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) tələblərinə zidd olaraq təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Mətbəxə baxış zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib. Soyuducuda mal əti, bişirilmiş toyuq filesi, düyü qarniri, müxtəlif süd məhsulları, ət yarımfabrikatları, balıq məhsulları, müxtəlif qənnadı məmulatlarının hazırlanması üçün xəmir, tərəvəz konservləri və s. mal qonşuluğu gözlənilmədən eyni yerdə, eyni temperatur altında saxlanılır. Bu da "SanPin 42-123-5777-91" (bənd 10.11) sənədinin tələblərinə ziddir. Həmçinin müəyyən edilmişdir ki, istehsal tarixi üzərində qeyd olunmayan "lahmacun" məmulatının bişirilməsində istifadə olunan ət yarımfabrikatı iki günlük istifadə üçün hazırlanır. Lakin standart üzrə bu cür məhsulların saxlanma müddəti 6-12 saatdır. Seçilmiş nümunələrdən "mimoza" salatının Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) qida məhsullarının sınaq laboratoriyasında keçirilən müayiəsi nəticəsində məhsulda maya göbələklərinin sayının normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub".

Fiziki şəxs Natiq Qədirova məxsus "Pizza İnn" adı ilə fəaliyyət göstərən müəssisədə biskvitli-kremli tort və pirojnaların istehsalı və satışı qadağan edilib. Dövlət Komitəsinin məlumatına görə müəssisədə yararlılıq müddəti bitmiş 4 ədəd Türkiyə istehsalı olan 350 qramlıq "Pinar" nişanlı "manqal sucuk" və 2 kq xarab olmuş mal əti aşkarlanıb: "Bununla bağlı dərhal akt tərtib edilmiş və məhsulların istifadəsinə qadağa qoyulmuşdur. Həmçinin müəyyən olunub ki, müəssisədə istehsal olunan biskvitli-kremli tort və pirojnaların gigiyenik və uyğunluq sertifikatları yoxdur, məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar olmadan istehsal olunur. Habelə müəssisədə məhsulların saxlanma şəraitinə nəzarət olunmadığı aşkarlanmışdır. Belə ki, məhsulların saxlanma rejimləri müxtəlif olsa da, onlar eyni şəraitdə saxlanılır, soyuducu kamerada məhsulların saxlanması zamanı mal qonşuluğu gözlənilmir, ət, balıq, ət qiyməsi ilə yanaşı pendir, tortlar, tortlar üçün kremlər saxlanılır. Bişirilmiş və çalınmış qaymaqla hazırlanan kremlər və bu kremlərlə hazırlanan biskvitli-kremli tort və pirojnaların normativ sənədlər üzrə saxlanma müddəti cəmi 6 saat olduğu halda, bu məhsulların daha artıq müddətdə saxlanıldığı aşkarlanıb".

Fiziki şəxs İslamov Şükürə məxsus "Sultan" restoranında da standartların tələbləri pozulub. Dövlət Komitəsinin məlumatına görə müəssisənin mətbəxində sanitariya norma və qaydaları pozulmub, natəmizlik hökm sürür: "Müəssisədə kulinariya məmulatları reseptura olmadan hazırlanır, istifadə olunan məhsulların mənşəyini və keyfiyyətini bildirən müvafiq sertifikatlar yoxdur, mətbəxdə temperatur rejiminə düzgün əməl olunmur. Həmçinin bütün hazır yeməklər alüminium qazanlarda soyuducuda ağzıaçıq saxlanılır, bir gün öncədən bişmiş yeməklər olan qazanlar bir - birinin üzərinə qoyularaq qapaqsız saxlanılır. Restoranda istehlakçı hüquqları pozularaq bir neçə gün əvvəldən hazırlanmış yeməklər yeni hazırlanmış qida adı ilə təklif olunur. Müəssisədən ət farşı, "şuba" salatı, "mimoza" salatı, səbzi qovurma yeməklərindən nümunə götürülmüş, Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib".

Misalları artırmaq olar. Yəqin ki, zəhərlənmələrə səbəb də bu nöqsanlardır. Bəs, bunun qarşısını necə almalı?

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov deyir ki, zəhərlənmə faktları ilə bağlı şadlıq evləri ilə dəfələrlə məhkəmə çəkişmələri olub. Ancaq təəssüf ki, bütün bunlar vəziyyətin düzəlməsinə yetmir: "2012-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq saraylarının təsnifatı və qaydalar (AZE 746-2012) adlı bir standart hazırladı və bunu tətbiq etməyə çalışdı. Dövlət orqanının bu kimi müsbət təşəbbüsü var. Sadəcə, dövlət orqanının bu müsbət təşəbbüsləri lazımi dəstək tapa bilmir. Birincisi, hökumətin istehlakçı siyasətini qoruyan qanunlar kompleksi normal deyil. Üstəlik, mövcud qanunları həyata keçirən dövlət orqanlarının koordinasiya olunmuş fəaliyyəti yoxdur. Ona görə də, standartın hazılanması və s. təşəbbüslər tam olaraq özünü göstərə bilmir".

Eyyub Hüseynovun araşdırmalarına görə bu gün Azərbaycanda 80 faiz dönərxana standartlara uyğun ətdən istifadə etmir: "Rayonlarda və Bakıda olan şadlıq evləri vətəndaşlarla heç bir müqavilə bağlamır. Yəni, ortada heç bir şərt, müqavilə və ya məsuliyyət olmadığından bu cür cinayətlər baş verir. Aydın məsələdir ki, müqavilə, məsuliyyət olmayan yerdə cinayətin olmasına şübhə yoxdur. Bu gün şadlıq evi işə başladığı gün dövlət orqanlarının işi qurtarır. Dövlət qurumlarının heç birinin saat 6-dan sonra hansısa şadlıq evinə gedib, yoxlama aparmağa ixtiyarı yoxdur. Bunun da nəticəsidir ki, biz tez-tez kütləvi zəhərlənmə xəbərləri eşidirik".

"Bizim yol" qəzeti


Böyütmək üçün şəkillərə klikləyin.