"Xahiş edirəm, körpə uşağımız var, mənə qaz, su, yol, çəkin"

Day.Az представляет новость на азербайджанском языке.

Ağsu şəhərindəki məhəllələrdən birində yaşayan 50-yə yaxın ailə  kommunal problemlərlə üzləşib.

Sakinlər bildirirlər ki, artıq qış fəsli yaxınlaşsa da, evlərini necə qızdıracaqlarını bilmirlər. El TV (Region TV) xəbər verir ki, ərazidə təbii qaz yoxdur. Onlar hazırda evlərini qızdırmaq və digər məqsədlər üçün qaz balonlarından istifadə edirlər:

"15 ildir mən qaza möhtacam", - deyə sakin Qurban Şirəliyev bildirib.
Məhəllədə içməli su da yoxdur. Sakinlər bir ay ərzində 30-40 manat xərcləməklə kənardan su gətirirlər. Burada gecəni lampa işığında keçirən ailələrə də rast gəlinir. 15-ə yaxın ailənin evində  elektrik enerjisi yoxdur. Sakinlər məhəllənin yollarının kələ-kötür olmasından da narahatdırlar. Onlar qarşılaşdıqları çətinliklərlə bağlı bu günə qədər etdikləri müraciətlərin də cavabsız qaldığını deyirlər. 

"Burada yaşayandan qaz idarəsinə də, su idarəsinə də, yol idarəsinə də rayon icra hakimiyyətinə də dəfələrlə müraciət etmişəm ki, xahiş edirəm, körpə uşağımız var, Mənə yol, qaz, su çəkin. Heç bir nəticəsi olmayıb", - deyə sakin Şamo Rüstəmov vurğulayıb.
 Ağsu Rayon İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin problemlərindən xəbərdardırlar. Vəsait olduqca həmin çətinliklərin aradan qaldırılması istiqamətində işlər görüləcək. Ağsu Regional Qaz İdarəsindən isə deyilib ki, sakinlər yenidən müraciət etsələr, onlara təbii qazın verilməsi məsələsi nəzərdən keçirilə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.