"Beşiktaş"ın sabiq futbolçusuna 6 aylıq qadağa

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə milli komandasının və "Beşiktaş" klubunun sabiq futbolçusu İbrahim Toramanın məhkəməsi başa çatıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, İbrahimin həyat yoldaşı Eyləm Toramanın boşanmaqla bağlı şikayətinə İstanbul Ailə Məhkəməsində baxılıb.

Sabiq futbolçunu onu döyməkdə ittiham edən xanımın şikayəti müsbət dəyərləndirilib. Məhkəmə 35 yaşlı futbol veteranına həyat yoldaşına yaxınlaşmaq qadağası qoyub. İbrahim 6 ay ərzində xanımına 100 metrdən yaxın gedə bilməz. O, buna riayət etməsə, həbs cəzası alacaq.
 
Eylem məhkəməyə həyatının təhlükədə olduğunu bildirib: "Həyatım üçün ciddi təhlükə olmasından narahatam. Şikayət etdiyim şəxsin ailəyə yaraşmayan gecə həyatı var".
 
İbrahimin həyat yoldaşının vəkili Nəzmi Zəngin sabiq "Beşiktaş"lıdan şikayətin gec gerçəkləşməsinin səbəbini izah edib: "Müvəkkilim uzun müddət susub ki, buna da səbəb övladıdır. Evlilik müddətində o, nə uşağı, nə də özü üçün İbrahimdən maddi dəstək alıb. Futbolçu hələ xanımı hamilə ikən əmlak bölgüsü ilə bağlı sənədlər imzalatdırıb. Dəfələrlə Eyləmi döyən İbrahim bu il yanvarın 24-də qucağında uşaq olmasına baxmayaraq ona qarşı belə rəftar edib. Həmin vaxt xəstəxanaya çatdırılan müvəkkilimin həyatı təhlükədədir. Bu üzdən də o, bir aydır atasının İstanbuldakı evində qalır".
 
2 il evli olduğu həyat yoldaşı ilə ayrıldığını verdiyi açıqlamada təsdiqləyən İbrahim isə zorakılıq etdiyini təkzib edib: "Ona qarşı şiddət tətbiq etməyimdən söhbət belə gedə bilməz. Onun Almaniyaya köçməyimizlə bağlı istəyi nəticəsində münasibətlərimizə son qoyduq. Bu ölkəyə köçməyəcəyimizdən yollarımızı ayırmağa qərar verdik".
 
Sabiq futbolçunun dediklərinin yalan olduğunu iddia edən Eylem və vəkili xanımın döyülməsini təsdiqləyən şəkilləri məhkəməyə təqdim ediblər. Onlar zərərçəkənin Almaniya deyil, İstanbulda yaşadığını bildiriblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.