Qəzada həlak olan gəncin dəhşətli həyat dramı – FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Bəzən bircə əyləc səsi insan həyatını yarıda qoymağa kifayət edir. Təkcə bir insanın yox, onun bütün ailəsinin, ətrafının, yaxınlarının bir ömür boyu çəkəcəyi acını yaşatmağa yetərli olur.
Hər gün qarşılaşdığımız qəza xəbərlərində həlak olanlarla bağlı məlumat bizim üçün sadəcə bir rəqəm ola bilər. Amma düşündükcə ki bir insanın həyatını yarıda kəsən o əyləc səsindən sonra da bir həyat və o həyatı yaşamalı olan insanlar var... Bax o zaman əsl həyat dramının bundan sonra başladığına inanırsan...
Bu dəfə belə həyatlardan birindən yazacağıq - iyulun 27-də Bakının akademik Həsən Əliyev küçəsindəki tuneldə baş verən ağır qəzada həlak olan Sultanov Vüqar Sultanqulu oğlundan. 26 yaşlı bu gəncin həyatı da bircə əyləc səsindən sonra yarımçıq kəsildi, arxada acılı bir ana, gözüyaşlı həyat yoldaşı və eşidənləri dəhşətə salan ailə dramı qoydu.
Yaxınlarının AzNews.az-a verdiyi məlumata görə, Vüqar Sultanov ölümlə nəticələnən avtoqəzadan cəmi 2 ay əvvəl ailə həyatı qurub: "Mayın 8-də toyu oldu. Cəmi 2 ay xoşbəxt yaşaya bildilər. Bir il əvvəl, iyulun 5-də isə atası vəfat etmişdi. Atasının ili çıxandan bir neçə gün sonra Vüqar da dünyasını dəyişdi. Həyat yoldaşı öz dayısı qızıdır, həm ərini, həm də bibisi oğlunu itirdi. Gəlinin özünün də atası çox gənc - 39 yaşında vəfat edib. Ailə indi bir-birinin ardınca gələn bu faciədən nə edəcəyini bilmir".
Hadisə baş verən gün maşını Vüqar yox, iş yoldaşı idarə edib. Həmin maşının sürücüsü də daxil olmaqla 4 nəfərin ağır yaralandığı qəzadan geriyə ancaq və ancaq daha bir ailənin heç nə ilə təsəlli olunmayacaq dərdi qalıb. İnsanlar bu dərdlə yaşayacaq, yaşlaşacaq, ancaq unutmayacaqlar. Hər əyləc səsində onu xatırlayacaqlar, əslində heç zaman unutmasalar da...
Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yaşayan ailənin 4 övladından sonbeşiyi olan Vüqarın yarımçıq həyatı bundan sonra xatirələrdə yaşayacaq. Və bir də gənc bir insanın həyatını yarımçıq kəsən avtoqəzanın günahkarının vicdanında...
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре