Avtomobili qışa hazırlamaq üçün nələrə diqqət edilməlidir? - AÇIQLAMA

Ölkə ərazisində qar yağması və yolların buz bağlaması sürücülərin avtomobilini qış rejminə hazırlamasını qaçılmaz edir.
Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən avtomobil təmiri mütəxəssisi Sahil Ağabəyli bildirib ki, qarlı və yağışlı hava şəraitində avtomobil idarə etmək təhlükəlidir.
Onun sözlərinə görə, ilk növbədə sürücülərimiz avtomobillərini təkərləri dəyişərək, qış təkərinə keçsinlər.
"Qışda mütləq şəkildə qarda və buzda gedə bilən təkərlərdən istifadə edilməlidir ki, tıxacda olarkən, yüksəkliklərə qalxarkən və ya enişdən enərkən problemlər yaşanmasın. Lakin qış təkərlərinə keçməzdən öncə avtomobilin ön və arxa hissəsində olan çatışmazlıqlar aradan qaldırılmalıdır. Təkərlə yanaşı qış rejiminə keçid zamanı digər mexanizmlərə də diqqət edilməlidir. Belə ki, qış aylarında yaş asfaltda avtomobilin sürüşməsi halları olsa da, yay aylarında bu baş vermir. Bu səbəbdən avtomobilin şassisində kürəli dayaqlar (şarovoy) və yaxud stablizator əlaqələri (tyaqa) hər hansının problemi varsa, bunları dəyişsinlər. Həmçinin avtomobili "razval" etdirdikdən sonra təkərləri dəyişsinlər ki, qışda problem yaşamasınlar".
Ustanın sözlərinə görə, avtomobili qış rejminə hazırlayarkən təkərlərlə yanaşı, maşında istifadə edilən yağların da dəyişdirilməsinə ehtiyac var:
"Sürücülərin çoxu yay aylarında mineral yağlardan və yaxud yarımsintetik yağlardan istifadə edirlər. Qış aylarında avtomobillərin yayda işlətdiyi yağlardan istifadə etmək düzgün deyil. Havalar soyuyanda sürücülərin sintetik yağlardan istifadə etməyi məsləhət görülür. Bu mühərrikin tez işə düşməsini təmin edəcək".
Onun sözlərinə görə, qış aylarından sürücülərin tez-tez rastlaşdığı problemlərdən biri də mühərrikin donmasıdır.
"Mühərrikdə yaranan donmanın qarşısını almaq üçün antifriz maddəsi dəyişilməlidir. Qış mövsümü gələn zaman antifrizi tamamilə dəyişmək mütləqdir. Ola bilsin ki, sürücü yay aylarında buxarlanma olduğu üçün onun üzərinə su əlavə edə bilər. Belə olan hallarda qışda dəyişsələr daha yaxşı olar. Hərə öz ustasına yaxınlaşıb, antifrizin tərkibini yoxlatdırmalıdır. Antifriz madddəsinin neçə dərəcədə donması xüsusi aparatla ölçülür. Normada bu maddə şaxtaya dözümlü olmalıdır. Əgər standartlara uyğun deyilsə, donmağa həssas olan maddə tamamilə mühərrikdən çıxarılmalıdır", - deyə o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре