Prezident İlham Əliyev: Rusiya-Ukrayna müharibəsindən sonra qaz ixracı ilə bağlı Avropanın 10 ölkəsindən bizə təkliflər gəldi

Rusiya-Ukrayna müharibəsindən sonra qaz ixracı ilə bağlı Avropanın 10 ölkəsindən bizə təkliflər gəldi.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Berlində Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edirik və ildən-ilə bu rəqəmlər artır. Rusiya-Ukrayna müharibəsindən sonra bizə Avropanın 10 ölkəsindən, ən azı 10 ölkəsindən sifarişlər gəldi. Təkliflər gəldi ki, biz o ölkələrə də qaz təchizatını təmin edək, ya da ki, artıq qaz təchiz etdiyimiz ölkələrdə qaz həcmini artıraq. Biz keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər 20 milyard kubmetr təbii qazı Avropa məkanına çatdırmağı planlaşdırırıq. Onu da bildirməliyəm ki, bizim qaz ixracatımız təkcə Avropa məkanı ilə məhdudlaşmır. Biz, eyni zamanda, bizim üçün ən böyük bazar olan Türkiyəyə və Gürcüstana da qaz ixrac edirik. Ona görə gələcəkdə qazın ixracatını Avropa məkanına çatdırmaq üçün əlbəttə ki, yeni kontraktlar imzalanmalıdır. Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən Rumıniyaya çatdırılmağa başlanmışdır. Bu ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindəyik. Biz hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlara başlamışıq".